
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. ABŞ Dövlət katibinin Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair açıqlaması
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunacağına ümid edir. O, regional sabitliyin təmin olunmasının ABŞ üçün prioritet olduğunu və tərəflərin diplomatik səylərini dəstəklədiklərini vurğulayıb. Bu bəyanat Vaşinqtonun Cənubi Qafqazda vasitəçi mövqeyini qorumaq niyyətinin göstərir.
2. Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal erməninin cəzası ağırlaşdırılıb
2023-cü ildə Fransada Azərbaycan səfirliyinə hücum edən radikal erməniyə qarşı verilmiş ilkin cəza sonradan ağırlaşdırılıb. Appelyasiya məhkəməsinin qərarında bu hücumun diplomatik toxunulmazlıq prinsipini pozduğu və beynəlxalq hüquqa zidd olduğu xüsusi qeyd olunub. Hadisə Azərbaycan-Fransa münasibətlərində gərginliyin artmasına səbəb olmuşdu.
3. Ermənistanda ictimai-siyasi qarşıdurma: Samvel Karapetyanın yeni siyasi hərəkatı
Erməni iş adamı və nüfuzlu fiqur Samvel Karapetyan Ermənistanda yeni siyasi hərəkat yaratdığını elan edib. Hökumət bu təşəbbüsü hakimiyyətə qarşı potensial təhdid kimi qiymətləndirərək, ona qarşı inzibati və siyasi təzyiqləri artırıb. Karapetyanın hərəkatı ölkədə narazı kütlələr üçün alternativ mərkəzə çevrilə bilər.
4. Ermənistanda müxalifətə qarşı hücumlar: Saqatelyan Moskvaya qaçıb, kilsəyə təzyiqlər artır
Paşinyan hakimiyyəti Ermənistan daxilində müxalif dairələrə və kilsəyə qarşı təzyiqləri gücləndirib. Müxalifət liderlərindən İşxan Saqatelyanın Moskvaya sığındığı bildirilir. Hökumətin qarşıdakı dövrdə Apostol kilsəsinə qarşı yeni hüquqi və inzibati hücumlara hazırlaşdığı barədə məlumatlar yayılıb.
5. Şengen məkanı böhran içindədir: Polşanın sərhəd nəzarətinə keçidi
Almaniya, Belçika və Hollandiyadan sonra Polşa da qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün daxili sərhədlərdə nəzarəti gücləndirib. Bu addım Şengen məkanının birliyini və sərbəst hərəkət prinsipini sual altına qoyur. Bir çox ekspert bu prosesi Avropa İttifaqının gələcəyi üçün təhlükəli tendensiya kimi qiymətləndirir.