
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Rusiya Azərbaycanı cilovlamağa cəhd edir?
Rusiya regiondakı nüfuzunun sürətlə azalmasından narahat olaraq Azərbaycana təzyiq alətlərini gücləndirməyə çalışır. Moskva enerji diplomatiyasında rəqabəti, Azərbaycanın Türkiyə ilə ittifaqını və Qərblə yaxınlaşmasını cilovlamaq üçün həm siyasi, həm də informasiya təsir metodlarından istifadə edir. Buna baxmayaraq, Bakı öz müstəqil siyasət kursunu qorumağa davam edir və Kreml üçün “idarəolunan tərəfdaş” deyil.
2. Moskva Azərbaycanın potensialını düzgün hesablamayıb
Rusiya uzun illər Azərbaycanı yalnız enerji ixracatçısı və iqtisadi cəhətdən asılı tərəf kimi qiymətləndirirdi. Amma Bakı regionda mühüm nəqliyyat dəhlizi, hərbi-strateji aktor və Qərb-Türkiyə ittifaqlarının aparıcı oyunçusu statusunu əldə etməklə Kremlin gözləmədiyi gücə çevrilib. Moskvanın bu yanlış hesablaması Rusiya diplomatiyasını fakt qarşısında qoyub.
3. “Sputnik Azərbaycan”ın rəhbərliyi FTX əməkdaşları çıxdı
Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan”ın bəzi əməkdaşlarının əslində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarətində olduğu barədə iddialar ictimaiyyətdə rezonans doğurub. Bu qalmaqal Moskvanın informasiya platformalarından kəşfiyyat və siyasi manipulyasiya vasitəsi kimi istifadə etdiyini sübut edən faktlardır.
4. Paşinyan-kilsə qarşıdurması davam edir
Ermənistanın baş naziri Nikol Paşinyan və Erməni Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə qədəm qoyub. Kilsə hökuməti milli dəyərləri zəiflətməkdə və Rusiyadan uzaqlaşmaqla ölkəni təhlükəyə atmaqda ittiham edir. Paşinyan isə kilsəni siyasi proseslərə müdaxilə etməkdə və Kremlin təsir aləti olmaqda günahlandırır.
5. Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Serqey Lavrovun İrəvanın Qərblə yaxınlaşmasına dair tənqidlərinə sərt reaksiya verib. Mirzoyan bildirib ki, Moskva Ermənistanın suveren qərarlarına hörmət etməli və daxili siyasətə müdaxilədən çəkinməlidir. Bu açıqlama iki ölkə arasında soyuq diplomatik münasibətlərin daha da dərinləşdiyini göstərir.