
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Türkiyə müttəfiqliyinin qlobal proseslərə təsiri
Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik təkcə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından deyil, həm də beynəlxalq güc balansında mühüm rol oynayır. Zəngəzur dəhlizi, enerji layihələri və hərbi əməkdaşlıq bu iki ölkəni Orta Asiya, Cənubi Qafqaz və Qərb dövlətləri arasında körpüyə çevirir. Müttəfiqliyin dərinləşməsi Qərb və Rusiya arasındakı geosiyasi manevrlərə, eyni zamanda İran və Çinin regional strategiyalarına qarşı balans formalaşdırır.
2. Azərbaycanın İrandan təxliyyə proseslərində iştirakı
İran-İsrail müharibəsinin yaratdığı təhlükəli şəraitdə Azərbaycan hökuməti özünün və üçüncü ölkə vətəndaşlarının, həmçinin xarici diplomatik korpusların İrandan təxliyəsində aktiv rol alır. Bu, Bakının humanitar missiyalara töhfə verməyə hazır olduğunu və regionda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək istədiyini göstərir.
3. Nikol Paşinyanın Türkiyəyə səfəri
Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfəri Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yolunda yeni mərhələnin başlaya biləcəyinə işarədir. Səfər çərçivəsində Ermənistan-Azərbaycan sülh prosesi, sərhədlərin açılması və iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə predmetidir. Bu görüş Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından əhəmiyyət daşıyır.
4. ABŞ-nin İran-İsrail müharibəsinə qoşulması ilə bağlı iki həftəlik möhləti
Vaşinqtonun İran-İsrail qarşıdurmasında hərbi iştirak ehtimalını açıq saxlaması və iki həftəlik möhlət verməsi İrana üçün diplomatik çıxış yolu axtarmaq baxımından son şansdır. Bu, onu göstərir ki, ABŞ regiondakı maraqlarını qorumaqda qətiyyətlidir. Lakin hərbi müdaxilə ehtimalı regionda genişmiqyaslı müharibəyə yol aça və enerji bazarlarını çökdürə bilər.
5. İran-İsrail müharibəsi üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilərmi?
İran-İsrail müharibəsi regional münaqişədən çıxaraq qlobal güclərin qarşıdurmasına çevriləcəyi təqdirdə üçüncü dünya müharibəsinin başlanmasına zəmin yarada bilər. ABŞ, Rusiya və Çin kimi qlobal oyunçuların maraqları toqquşduqca münaqişənin coğrafiyası genişlənə və nəzarətdən çıxmış böhrana çevrilə bilər. Xüsusilə də nüvə silahlarının dövriyyəyə daxil olması halında dünya təhlükəsizlik arxitekturası sarsıla bilər.