GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Regionda yaşıl enerjinin inkişaf etdirilməsi

Xəzər hövzəsi ölkələri – Rusiya, Qazaxıstan, Azərbaycan, həmçinin Özbəkistan son illərdə alternativ enerji sahəsində əməkdaşlığı gücləndirməkdədir. Transxəzər yaşıl enerji dəhlizi vasitəsilə bərpa olunan enerji potensialının Avropaya ixracı nəzərdə tutulur. Bu fonda Rusiya da regiondakı enerji balansına nəzarəti itirməmək üçün yaşıl enerji layihələrinə maraq göstərir.

2. Donald Trampın Prezident İlham Əliyevə məktubu – ABŞ-nin Cənubi Qafqaz siyasəti

Prezident Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı Müstəqillik Günü təbrikində Azərbaycanla əməkdaşlığa və Cənubi Qafqazda sülhə xüsusi diqqət yetirilməsi ABŞ-nin bölgəyə baxışında dəyişiklikləri əks etdirir. Bu yanaşma Bayden administrasiyasının nəticəsiz vasitəçilik siyasətindən fərqli olaraq daha praqmatik və Azərbaycan mərkəzli strategiyanın işarəsidir.

3. Revanşistlər Paşinyana qarşı

Ermənistanda revanşist qüvvələr, xüsusilə sabiq hərbi-siyasi dairələr Paşinyanın sülh siyasətini zəiflətməyə çalışır. Qarabağın tam şəkildə itirilməsini qəbul etməyən bu dairələr Ermənistan cəmiyyətində xaos və güvən böhranı yaratmaqla hakimiyyətə təsir etmək istəyir.

4. Rusiyanın müdafiə naziri Andrey Belousovun Zəngəzurla bağlı bəyanatı

Rusiyanın müdafiə naziri Andrey Belousovun Ermənistanın Sünik vilayəti ətrafındakı vəziyyətə dair verdiyi açıqlama Kremlin bu bölgədəki prosesləri diqqətlə izlədiyini göstərir. Zəngəzur dəhlizi ətrafında gərginliyin davam etməsi Rusiya üçün həm hərbi-strateji, həm də geoiqtisadi baxımdan önəmlidir. Moskva bölgədə nəzarəti itirməməyə və Ermənistanın tam Qərbə inteqrasiyasını əngəlləməyə çalışır.

5. BƏƏ-nin iş adamlarının Azərbaycanla əməkdaşlığı

Birləşmiş Ərəb Əmirliklərinin iş adamları Azərbaycanın qeyri-neft sektoru, xüsusilə də yaşıl enerji, nəqliyyat-logistika və texnologiyalar sahəsindəki potensialını strateji fürsət kimi qiymətləndirir. BƏƏ investisiya fondları artıq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində layihələrdə iştirak edir. Bu əməkdaşlıq iki ölkə arasında siyasi münasibətlərin iqtisadi müstəviyə keçidini və regional inkişafda BƏƏ-nin artan rolunu göstərir.