
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.AYİB-in Orta Dəhlizdə Azərbaycanın artan roluna dair hesabatı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) son hesabatında Azərbaycanın Orta Dəhlizdə – Çindən Avropaya uzanan multimodal nəqliyyat yolunda mərkəzi aktora çevrildiyini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Ələt Beynəlxalq Limanı kimi layihələrin regionun ticarət xəritəsini dəyişdirdiyi, Azərbaycanın tranzit və logistika potensialının Avropa və Asiya arasında mühüm körpüyə çevrildiyi qeyd olunub.
2.Ermənistanın sülhdən yayınması
Ermənistan rəhbərliyi ilə Azərbaycan arasında aparılan sülh danışıqlarında Bakı tərəfindən göstərilən konstruktiv mövqeyə baxmayaraq, İrəvan sülh prosesini məqsədli şəkildə ləngidir. Sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və qarşılıqlı hüquqi öhdəliklərin qəbulunda Ermənistanın qeyri-müəyyən davranışı prosesin uzanmasına səbəb olur.
3.Nikol Paşinyanın “Azərbaycanla müharibə olmayacaq” bəyanatı
Ermənistan baş naziri Nikol Paşinyanın “Azərbaycanla müharibə olmayacaq” bəyanatı regionda sülhə ümid doğursa da, onun bu açıqlaması daxili siyasi auditoriyanı sakitləşdirməyə yönəlmiş taktiki gediş kimi də dəyərləndirilir. Paşinyanın bu bəyanatı həm beynəlxalq təzyiqlərin, həm də Ermənistan cəmiyyətində müharibə yorğunluğunun nəticəsidir.
4.PKK-nın özünü buraxması
PKK-nın rəsmi olaraq silahlı mübarizədən imtina edib özünü buraxması Türkiyə üçün strateji qələbə hesab olunur. Onillərlə regionda terror və qeyri-sabitlik yaradan təşkilat Türkiyənin sərhədyanı əməliyyatları, daxili təhlükəsizlik siyasəti və beynəlxalq təzyiqlər nəticəsində tükəndi. Bu hadisə həm də Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının qurulmasına yol açır.
5.İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları
Mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları Türkiyənin qlobal vasitəçilik potensialını bir daha ortaya qoyur. Prezident Ərdoğanın təşəbbüsü ilə baş tutacaq görüşdə Vladimir Putin və Volodimir Zelenski ilk dəfə bir masa ətrafında görüşə bilər.