GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Mayın ilk on günlüyündə Bakıya iki dünya lideri səfər edəcək

Bakı diplomatik baxımdan önəmli hadisəyə ev sahibliyi edəcək. Mayın ilk ongünlüyündə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Gözlənilən Netanyahu-Ərdoğan görüşü İsrail-Türkiyə münasibətlərinin normallaşması istiqamətində mühüm addım ola bilər. Azərbaycan bu görüşlə beynəlxalq vasitəçi kimi öz nüfuzunu artırmaq imkanına malikdir.

2. Yenidən alovlanan Hindistan-Pakistan qarşıdurması

Kəşmir bölgəsində baş verən silahlı insidentlər Hindistan və Pakistan arasında gərginliyi yenidən alovlandırıb. Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir, sərhəd xəttində vəziyyət kritik həddə çatıb. Qarşıdurma beynəlxalq təhlükəsizlik arxitekturasının zəifliyini üzə çıxarır və regional sülhə ciddi təhdid yaradır.

3. Nikol Paşinyanın Estoniyada Türkiyə və Britaniya kəşfiyyat orqanlarının rəhbərləri ilə gizli görüşü

Ermənistanın baş naziri Nikol Paşinyanın Estoniyada Türkiyə və Böyük Britaniyanın kəşfiyyat rəhbərləri ilə gizli görüş keçirməsi barədə məlumatlar yayılıb. Bu görüşlərin məzmunu rəsmi şəkildə açıqlanmasa da, regiondakı təhlükəsizlik balansına, xüsusilə İran və Rusiya ilə münasibətlərə təsir göstərə biləcəyi ehtimal edilir.

4. Şimali Kipr Türk Cümhuriyyətinin adının Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilməsi təşəbbüsü

Şimali Kipr Türk Cümhuriyyətinin adının dəyişdirilərək sadəcə “Kipr Türk Cümhuriyyəti” adlandırılması təklifi bölgədə yeni siyasi və hüquqi müzakirələrə yol açıb. Təşəbbüs dövlətin beynəlxalq tanınma uğrunda daha qətiyyətli addımlar atmaq niyyəti ilə izah olunur.

5. İran-ABŞ danışıqlarının dördüncü raundu təxirə salınıb

İran və ABŞ arasında nüvə sazişi və regional təhlükəsizlik məsələlərinə dair nəzərdə tutulan dördüncü danışıqlar raundu gözlənilmədən təxirə salınıb. Təxirəsalmanın səbəbi rəsmi şəkildə açıqlanmasa da, İran daxilindəki siyasi gərginlik və Qəzza böhranı ilə bağlı fikir ayrılıqları əsas faktor kimi göstərilir.