
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.Gürcüstan Prezidentinin Azərbaycana səfəri
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Tərəflər Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə dair siyasi iradə nümayiş etdirirlər.
2.Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinə dair müzakirəni niyə fransalı həmkarı ilə aparır?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla ikitərəfli sülh prosesinə dair Fransa XİN rəhbəri ilə müzakirələr aparması diqqət çəkib. Çünki danışıqlar üçüncü tərəflərin iştirakı olmadan aparılmalı, Fransanın hadisələrə müdaxiləsi sülh prosesinə mane ola bilər.
3.Nikol Paşinyanın sülh müqaviləsi ilə ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyanatı eyni vaxtda imzalamağa dair təklifi
Paşinyan Azərbaycanla eyni vaxtda həm sülh sazişini, həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmasına dair sənədin imzalanmasını təklif edib. Bu addım Ermənistanın manevr imkanlarının tükəndiyini, yeni regional reallıqları qəbul etdiyini göstərir.
4.Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək paradın Avropa İttifaqı tərəfindən baykot edilməsi nə dərəcədə effektli olacaq?
Avropa İttifaqı ölkələrinin Moskvada keçiriləcək Qələbə paradını baykot etməsi Rusiya ilə münasibətlərdə gərginliyin davam etdiyini göstərir. Baykotun siyasi jest kimi simvolik təsiri olsa da, Kremlin daxili təbliğatına və paradın keçirilməsinə real təsir göstərəcəyi ehtimal olunmur.
5.İsraildən Emmanuel Makronun Fələstini tanımaqla bağlı bəyanatına sərt reaksiya
Fransa Prezidenti Emmanuel Makronun Fələstini tanımağa hazır olduqlarına dair bəyanatına İsrail hökumətindən sərt reaksiya gəlib. Rəsmi Təl-Əviv bunu birtərəfli addım və regionda gərginliyi artıracaq məsuliyyətsiz bəyanat kimi dəyərləndirib. Bu, İsrail-Fransa münasibətlərində yeni gərginlik ocağı yarada bilər.