GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Amerika Prezidenti Konqres müraciət edib

ABŞ Prezidenti Donald Tramp Konqresdəki illik müraciətində ilk 10 ayda 8 münaqişənin həllinə nail olduqlarını bildirib. O, Ermənistan–Azərbaycan qarşıdurmasını da bu siyahıya daxil edərək, ABŞ diplomatiyasının fəallığını vurğulayıb.

2. Avropa İttifaqı Ermənistana çevik hibrid reaksiya qrupu göndərib

Avropa İttifaqı parlament seçkiləri ərəfəsində xarici müdaxilə və hibrid hücum risklərini əsas gətirərək Ermənistana xüsusi reaksiya qrupu göndərib. Qrupun məqsədi dezinformasiya, kibertəhdidlər və siyasi proseslərə mümkün təsirlərin qarşısını almaqdır.

3. Azərbaycan və Ermənistan diplomatları Cenevrədə görüşüb

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədov və Robert Abisoğomonyan Cenevrədə görüşüblər. Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq və etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Görüş dialoqun davam etdirilməsi baxımından diplomatik kanalın açıq saxlanıldığını göstərir.


4. Rubinyanın açıqlamaları

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə toxunub. O, Türkiyə ilə sərhədlərin açılmasının regional iqtisadi və siyasi mühitə müsbət təsir göstərə biləcəyini bildirib.

5. İran-ABŞ danışıqları

İran və ABŞ nümayəndələrinin Cenevrədə planlaşdırılan görüşü nüvə sazişi üzrə danışıqların davamı kimi qiymətləndirilir. Vaşinqtonun mümkün hərbi təzyiq siqnalları danışıqlar prosesinə əlavə gərginlik faktoru kimi təsir göstərə bilər.