GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Yeni beynəlxalq nizam qurulur

Sülh Şurasının ilk liderlər zirvəsi qlobal güc mərkəzlərinin yenidən formatlaşdırılması prosesinin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan isə son illərdə Qoşulmama Hərəkatına sədrliyi, regional vasitəçilik təşəbbüsləri və enerji təhlükəsizliyində artan rolu ilə yeni nizamda orta güc kimi mövqeyini gücləndirib. Sülh Şurası çərçivəsində Bakı həm Qərb, həm də Şərq arasında balanslaşdırıcı aktor kimi çıxış edərək Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır.

2. PaşinyanƏliyev görüşü

Sülh Şurasının ilk zirvəsi çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan ayaqüstü görüş diplomatik baxımdan simvolik əhəmiyyət daşıyır. Bu təmas göstərir ki, regiondakı post-münaqişə mərhələsi artıq beynəlxalq platformalara daşınıb və sülh müqaviləsi məsələsi qlobal kontekstə inteqrasiya olunur.

3. Rusiya “Tramp yolu” layihəsinin reallaşmasından narahatdır

ABŞ-ın “Tramp yolu” adlandırılan yeni geoiqtisadi və təhlükəsizlik təşəbbüsünü irəli sürməsi, eləcə də Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalaması Moskvanın diqqətini cəlb edib. Kremlə yaxın siyasi dairələr bunu Qərbin Cənubi Qafqazda mövqeləri yenidən bölüşdürmək cəhdi kimi təqdim edir. Bu isə regionda yeni rəqabət mərhələsinin başlandığını göstərir.

4. İsveçrə niyə anti-Azərbaycan ünsürləri dəstəkləyir?

Özünü neytral dövlət kimi təqdim edən İsveçrə son illərdə Qarabağ məsələsində erməni revanşist qrupların təşəbbüslərinə platforma yaratmaqda ittiham olunur. 2023-cü ildən sonra müxtəlif siyasi və ictimai təşəbbüslərin məhz İsveçrə ərazisində aktivləşdirilməsi Bakıda suallar yaradıb. Bu vəziyyət İsveçrənin klassik neytrallıq doktrinası ilə real siyasi davranışı arasında ziddiyyət təşkil edir.

5. Qəzzada sülhü kimlər qoruyacaq?

Sülh Şurasının ilk iclasında Qazaxıstan, İndoneziya, Mərakeş, Kosovo və Albaniya  Qəzzaya sülhməramlı hərbi kontingent göndərməyə razılaşıb.
Bundan əlavə, Misir və İordaniay yerli polis qüvvələrinin hazırlanmasında iştirak etməyə razılıq verib. Bu model göstərir ki, Qəzzada təhlükəsizlik mexanizmi regional və müsəlman ölkələrinin iştirakı ilə qurulmağa çalışılır.