GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilir

Bakıda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu layihə ölkənin bərpaolunan enerji potensialını gücləndirir, enerji balansını şaxələndirir və Azərbaycanın regional elektrik enerjisi ixracatçısına çevrilməsi istiqamətində mühüm addım hesab olunur.

2. Azad edilmiş ərazilərdə enerji təminatı

Prezident İlham Əliyev bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Ümumi gücü 300 meqavatdan artıq olan bu stansiyalar azad edilmiş ərazilərin dayanıqlı enerji təminatını formalaşdırır və regionun “yaşıl enerji zonası”na çevrilməsi strategiyasının əsasını təşkil edir.

3. 2026-cı ildə Azərbaycanla bağlı iqtisadi proqnozlar

2026-cı il üçün proqnozlar Azərbaycanın iqtisadi artımının əsasən qeyri-neft sektorunun hesabına davam edəcəyini göstərir. Bərpaolunan enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və sənaye zonalarının inkişafı əsas drayverlər kimi çıxış edəcək. İnflyasiyanın nəzarətdə saxlanılması və xarici investisiyaların artması gözlənilir.

4. Paşinyan II Qareginlə vidalaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin postunu tərk etməli olacağını açıq şəkildə bəyan edib. Paşinyan bu prosesi siyasi sistemdə əvvəlki dəyişikliklərlə müqayisə edərək, onun sarsıntısız həyata keçiriləcəyini bildirib. 2025-ci ilin dekabrında təqdim edilən və 2026-cı ilin yanvarında imzalanan “Erməni Apostol Kiləsinin yenilənməsi” planı dövlət-kilsə münasibətlərində ciddi dəyişikliklərin anonsu kimi qiymətləndirilir.

5. İranda vəziyyət gərgindir

İranda on gündən artıqdır davam edən etirazlar fonunda Prezident Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini təmkinli davranmağa çağırıb. Bu çağırış hakimiyyətin daxili gərginliyin daha da dərinləşməsinin qarşısını almağa çalışdığını göstərir. Mövcud vəziyyət ölkənin sosial-siyasi sabitliyi baxımından həssas mərhələyə daxil olduğunu nümayiş etdirir.