
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Beynəlxalq hüququn böhranı
Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud qlobal sistemdə beynəlxalq hüququn təsir gücü zəifləyib. Dövlətlərarası münasibətlərdə hüquqi mexanizmlərdən daha çox güc balansı, müttəfiqlik və qarşılıqlı maraqlar həlledici rol oynayır. Bu reallıq beynəlxalq nizamın dərin transformasiya mərhələsindən keçdiyini göstərir.
2. Azərbaycanda idarəetmə islahatlarının dərinləşməsi
Dövlət başçısının açıqlamasına əsasən, Azərbaycanda idarəetmə sistemində struktur və kadr islahatları davamlı xarakter daşıyacaq. Məqsəd daha çevik, səmərəli və məsuliyyətli idarəetmə modelinin formalaşdırılmasıdır. Bu proses dövlət idarəçiliyində keyfiyyət mərhələsinə keçidi hədəfləyir.
3. Azərbaycanın nəqliyyat dəhlizlərində strateji rolu
Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz üzrə artan rolunu xüsusi vurğulayıb. Çin və Mərkəzi Asiyadan gələn yüklərin region üzərindən daşınması Azərbaycanın tranzit imkanlarını genişləndirir. Zəngəzur dəhlizi isə həm Naxçıvanla əlaqənin bərpası, həm də beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır.
4. Azərbaycan Qəzzada sülhməramlı missiyada iştirak etməyəcək
Dövlət başçısı Azərbaycanın Qəzza sektorunda hər hansı sülhməramlı və ya məcburedici əməliyyatda iştirak etməyəcəyini açıq şəkildə bəyan edib. Mandatın qeyri-müəyyənliyi və Azərbaycanın razılığı olmadan səsləndirilən beynəlxalq iddialar rəsmi Bakının narazılığına səbəb olub. Məsələ tam aydınlaşdırılmayınca, Azərbaycanın bu istiqamətdə iştirakı istisna edilir.
5. Ordu quruculuğunun davamlılığı
Prezident İlham Əliyev bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər arxayınlıq üçün əsas deyil. Son beş ildə aparılan ordu quruculuğu prosesi bundan sonra da davam etdiriləcək. Məqsəd müasir çağırışlara cavab verən, daim hazırlıqlı və güclü Silahlı Qüvvələrin formalaşdırılmasıdır.
