GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Mina terroru davam edir

İşğaldan azad edilən ərazilərdə ermənilərin müharibə dövründə basdırdığı minalar hələ də insan həyatı üçün ciddi təhlükə olaraq qalır. Son hadisədə ANAMA əməkdaşının minaya düşməsi mina terrorunun davam etdiyini, təhlükəsizlik tədbirlərinin və təmizləmə prosesinin nə qədər vacib olduğunu bir daha göstərir.

2. Tramp marşrutunun icrasına başlanır

Ermənistana səfər edən ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini Ellison Huker bildirib ki, iki ölkə arasında razılaşdırılan “Tramp marşrutu” çərçivəsində praktiki icraya start verilib. Bu marşrut siyasi dialoq, regional təhlükəsizlik və əməkdaşlığın genişləndirilməsi kimi istiqamətləri əhatə edir.

3. Vaqarşapadda seçkilər

Erməni Apostol kilsəsinin əsas mərkəzlərindən olan Vaqarşapatda keçirilən seçkilərdə Nikol Paşinyanın namizədləri qalib gəlib. Bu nəticə kilsə təsirinin güclü olduğu bölgədə belə Paşinyana dəstəyin artdığını göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilir.

4. BMT TŞ ABŞ-nin Qəzza planını dəstəkləyib

BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən təqdim olunan və prezident Donald Trampın Qəzza zolağında münaqişənin tənzimlənməsinə dair planını dəstəkləyən qətnaməni qəbul edib. Qətnamə bölgədə atəşkəs, humanitar yardım və siyasi prosesin bərpasına dair müddəaları ehtiva edir.

5. ABŞ-yə 20 trilyon dollarlıq investisiya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi məbləği ilin sonuna kimi 20 trilyon dolları keçəcək. Tramp bu artımı iqtisadi siyasətin nəticəsi və ABŞ bazarına artan qlobal inam kimi dəyərləndirib.