GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycana ərəb investisiyalarının axını

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan maliyyə qurumlarının rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycanın iqtisadi potensialı, regionun enerji və nəqliyyat layihələrində iştirak imkanları, eləcə də ərəb ölkələrinin Azərbaycana investisiya yatırımlarının artırılması müzakirə olunub.

2. Moskva və Tehran “Tramp dəhlizi”nə etiraz etmir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İran və Rusiya “Tramp dəhlizi” adlanan yeni regional nəqliyyat layihəsinə qarşı çıxmır. Əksinə, hər iki ölkə bu marşrutun bölgədə iqtisadi əlaqələri gücləndirəcəyinə inanır. Bu, Qərbin təşəbbüsü kimi görünsə də, Moskva və Tehranın razılığı layihənin reallaşmasını asanlaşdıra bilər.

3. Gürcüstan Çinlə əməkdaşlığı gücləndirir

Gürcüstan Qərbdən gözlədiyi iqtisadi dəstəyi ala bilmədiyi üçün diqqətini Şərqə, xüsusilə Çinə yönəldib. Tbilisi Çinlə ticarət, infrastruktur və texnologiya sahələrində əməkdaşlığı artırmaq niyyətindədir. Yeni müqavilələr Gürcüstanı “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm tranzit mərkəzlərindən birinə çevirə bilər.

4. Rusiya nüvə sınaqlarına hazırlaşır

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında ölkənin yenidən nüvə sınaqlarına başlaya biləcəyi barədə siqnal verib. Bu qərar Qərblə artan gərginlik fonunda Moskvanın hərbi güc nümayişi kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyət belə addımın qlobal təhlükəsizliyə risk yaradacağından narahatdır.

5. Cənubi Afrika artıq G20 məkanı deyil?

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacağını açıqlayıb. O, bu qərarını ölkədə “kommunist tiranlığının hökm sürdüyü” arqumenti ilə əsaslandırıb. Trampın bəyanatı Qərb-Afrika münasibətlərində gərginlik yaradıb və beynəlxalq siyasi dairələrdə birmənalı qarşılanmayıb.