
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Qazaxıstana səfəri
Prezident İlham Əliyev Qazaxıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat-logistika dəhlizləri, enerji və humanitar əlaqələr müzakirə olunub. Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
2. Azərbaycan Qəzzaya sülhməramlı göndərə bilər
ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperin Bakıya səfəri zamanı regional təhlükəsizlik və humanitar məsələlər, o cümlədən Qəzzada sabitliyin bərpası üçün beynəlxalq sülhməramlı qüvvələrin yaradılması müzakirə olunub. Ekspertlər hesab edir ki, Azərbaycan bu prosesdə fəal humanitar və ya logistik iştirak göstərə bilər.
3. Azərbaycan və Ermənistan parlament rəhbəri görüşəcək
Milli Məclisin sədri Cenevrədə keçiriləcək beynəlxalq parlament forumu çərçivəsində Ermənistan parlamentinin spikeri ilə görüşəcək. Görüşdə regionda etimadın artırılması və humanitar məsələlər müzakirə olunacaq. Bu, son dövrlərdə diplomatik dialoqun yeni mərhələsi kimi qiymətləndirilir.
4. Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticəsinə əsasən yeni dövlət başçısı müəyyənləşib. Seçkilər adada Türkiyə ilə əlaqələrin istiqaməti və beynəlxalq tanınma məsələləri fonunda mühüm siyasi əhəmiyyət kəsb edir.
5. Gümrü meri Vardan Qukasyanın həbsi
Gümrü şəhərinin meri Vardan Qukasyan korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamı ilə saxlanılıb. Yerli mənbələr onun Rusiya kilsə dairələri ilə yaxın münasibətlərinin olduğunu bildirirlər. Qukasyanın həbsi Ermənistan daxilində Moskva yönümlü qruplara qarşı başlanmış siyasi təmizlənmə prosesinin tərkib hissəsidir.