
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Fransa-Azərbaycan münasibətləri normallaşır
Prezident İlham Əliyev Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Görüş iki ölkə arasında münasibətlərin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir. Tərəflər qarşılıqlı etimadın və dialoqun bərpası üçün yeni mərhələnin başlanmasına dair mesajlar veriblər.
2. Heydər Əliyev Fondu sivilizasiyalararası dialoqa töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən önəmli təşəbbüslərdən biridir. Səfər çərçivəsində keçirilən görüşlər Heydər Əliyev Fondunun humanitar diplomatiya istiqamətində fəal rolunu bir daha nümayiş etdirib.
3. Qəzzaya sabitlik qüvvələri göndəriləcək
Yaxın Şərqdə atəşkəsin təmin olunması məqsədilə Qəzzaya beynəlxalq sabitlik qüvvələrinin göndərilməsi planlaşdırılır. Əsas namizəd ölkələr sırasında Azərbaycan, İndoneziya və Pakistanın adı çəkilir. Bu təşəbbüs regionda sülhün bərqərar olunmasına yönəlib və İslam dünyasının həmrəyliyini əks etdirir.
4. Göyçə gölü ekoloji böhranla üzləşib
Ermənistan hökuməti Göyçə gölündə su səviyyəsinin azalması və çirklənmə təhlükəsinin artması ilə bağlı təcili tədbirlər planı hazırlayır. Gölün ekosistemi iqlim dəyişikliyi və sənaye tullantılarının təsiri altında ciddi zərbə alıb. Mütəxəssislər vəziyyətin regional ekoloji təhlükəyə çevrilə biləcəyini bildirirlər.
5. Pakistan-Əfqanıstan arasındakı gərginlik səngimir
Pakistan və Əfqanıstan sərhədində toqquşmalar və qarşılıqlı ittihamlar davam edir. İki ölkə arasında ticarət əlaqələri və sərhəd keçidləri ilə bağlı gərginlik son həftələrdə daha da artıb. Analitiklər hesab edirlər ki, tərəflər arasında etimadsızlıq regional sabitlik üçün ciddi təhdid yaradır.