GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü

Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşü iki ölkə arasındakı gərginliyin aradan qaldırılması, mövcud problemlərin həlli, ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

2. MDB+ formatının gələcəyi

MDB-nin Düşənbə sammitində irəli sürüləcək MDB+ modeli postsovet məkanında yeni inteqrasiya platforması kimi formalaşır. Bu format təkcə keçmiş sovet respublikalarını deyil, həm də regionda iqtisadi və təhlükəsizlik maraqları olan tərəfdaş ölkələri bir araya gətirməyi hədəfləyir.

3. Türk dövlətlərinin texnoloji inkişafı

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə toplantısında qəbul edilən Bəyannamə üzv ölkələrin texnoloji müstəqilliyinin gücləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdi. Sənəd çərçivəsində süni intellekt, müdafiə sənayesi və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin icrası planlaşdırılır.

4. Ermənistanda 44 günlük müharibənin sənədləri arxivləşdirilir

Ermənistan hökuməti 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibəyə dair rəsmi sənədlərin, video və yazılı materialların sistemləşdirilərək dövlət arxivinə verilməsi prosesinə başlayıb. Məqsəd hadisələrin hüquqi və tarixi baxımdan sənədləşdirilməsini təmin etməkdir. Lakin bu addım müxalifət tərəfindən siyasi manipulyasiya və “məsuliyyətin gizlədilməsi” cəhdi kimi qiymətləndirilir.

5. İsrail-HƏMAS sülh razılaşması

Misirin vasitəçiliyi və Amerikanın dəstəyi ilə İsrail və HƏMAS nümayəndələri arasında uzunmüddətli atəşkəs və məhbus mübadiləsi barədə ilkin razılıq əldə olunub. Saziş Qəzza zolağında humanitar yardımın genişlənməsini və mülki itkilərin azaldılmasını nəzərdə tutur.