GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR FHN ƏHALİYƏ MÜRACİƏT EDİB

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 22-dən 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!