GÖRKƏMLİ OFTALMOLOQ-ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASINDAN 98 İL ÖTÜR

Bu gün Azərbaycan tibb elmində parlaq iz qoymuş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 98 il ötür.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə xoş sözlər deyiblər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyəti barədə deyirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. Bir ümumi dəftərə o yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünyaşöhrətli alim adlandıraraq “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” – demişdir.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Alim onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuşdu. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, elmi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir sözlə, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək.