Yanvarın 14-ü Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.
1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.
1970-1992-cı illərdə “Xəzərdənizneft” Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləyib.
1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.
Onun iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilib və istismara daxil edilib.
X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib.