
Azərbaycanda sahibkarlıq subyektlərinin dinamik inkişafının davam etdirilməsi, özəl sektorun tqisadiyyatda xüsusi çəkisinin artırılması hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biri olara qalır. Bu kontekstdə atılan növbəti mühüm addımlardan biri Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Etibarlı Tərəfdaş Konsepsiyası”dır. Konsepsiya sənədin özündə bəyan edildiyi kimi gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Təbii ki, bütün bunlar ilk növbədə sahibkarlığın, özəl sektorun yüksəlişinə yeni təkan verməklə, ölkə iqtisadiyyatı üçün də əlavə imkanlar yaradır.
Birmənalı həqiqətdir ki, müasir qlobal ticarət sistemində gömrük orqanları ilə biznes subyektləri arasında qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın formalaşdırılması iqtisadi inkişafın əsas şərtlərindən biridir. Qloballaşma, ticarət dövriyyəsinin sürətlə artması, logistika zəncirinin mürəkkəbləşməsi və qeyri-leqal iqtisadi fəaliyyətlə mübarizənin gücləndirilməsi fonunda gömrük-biznes münasibətlərinin yeni mərhələsi çoxsaylı üstünlüklər yaradır. Etibarlı tərəfdaşlığa əsaslanan bu model həm dövlətin fiskal və təhlükəsizlik maraqlarını qoruyur, həm də biznesin rəqabət qabiliyyətini artırır.
“Etibarlı Tərəfdaş Konsepsiyası”nda xüsusi diqqət çəkilən məqamlardan biri də odur ki, dünya miqyasında gömrük-biznes əməkdaşlığında etibarlı tərəfdaşlıq modelinin formalaşdırılması xarici ticarət fəaliyyətində biznes subyektlərinə iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ticarət-təchizat zəncirində gömrük əməliyyatlarının sadələşdirilməsinə və optimallaşdırılmasına da imkan yaradıb. Bu təcrübədən Azərbaycanda istifadə edilməsinin nəzərdə tutulması, atılan müvafiq addımlar o deməkdir ki, ölkəmizdə biznes subyektlərinin xarici ticarət fəaliyyəti daha asan olacaq.
Bir çox ölkələrin təcrübəsində gömrük və özəl sektor arasında əməkdaşlıq daha çox risk idarəetməsinə əsaslanır. Yəni dövlət nəzarəti bütün subyektlərə eyni səviyyədə tətbiq edilmir, etibarlılığı təsdiqlənmiş şirkətlər daha sadələşdirilmiş, sürətli və çevik prosedurlardan istifadə edə bilirlər. Bu yanaşma həm gömrük orqanlarının yükünü azaldır, həm də biznesin xərclərini optimallaşdırır. Etibarlı tərəfdaşlıq modelinin uğurla tətbiq edildiyi ölkələrdə ticarət dövriyyəsinin artması, ixrac proseslərinin sürətlənməsi, “kölgə iqtisadiyyatı”nın azalması və şəffaflığın güclənməsi müşahidə edilir. Prezident İlham Əliyevin təsdiq etdiyi konsepsiyada da vurğulanır ki, etibarlı tərəfdaşlıq normativ hüquqi aktların tələblərinə riayət edən və dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən gömrük-biznes münasibətlərində etimad qazanmış iqtisadi subyektlər üçün xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılmasına şərait yaradacaq, “özünüqiymətləndirmə” institutunun inkişafına, yəni biznes öhdəliklərinin və biznes dəyərlərinin qarşılıqlı təhlilinə təkan verməklə, iqtisadi səmərəliliyin yüksəldilməsinə müsbət təsir göstərəcək. Ümumiyyətlə, konsepsiyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maraqlarının qorunması, onların gəlir sahələrinin artırılması və ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin modernləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.
Azərbaycanda ticarətin asanlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsal gömrük sisteminin qurulması və tranzit potensialının genişləndirilməsi məqsədilə artıq xeyli vaxtdır ki, müasir yanaşmalar tətbiq olunur. Elektron bəyannamə, rəqəmsal risk analiz sistemi, “Yaşıl dəhliz” kimi mexanizmlər gömrük-biznes əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıyır. “Yaşıl dəhliz” buraxılış sistemi beynəlxalq təcrübədə tətbiq edilən ən effektiv mexanizmlərdən biri kimi biznes subyektlərinə böyük üstünlüklər təmin edir. Bu mexanizm çərçivəsində etibarlı və öz fəaliyyətində ardıcıl şəffaflıq nümayiş etdirən şirkətlər mallarını minimal yoxlama ilə sərhəddən keçirə bilirlər.
“Etibarlı Tərəfdaş Konsepsiyası”nın hədəf göstəriciləri sırasına da “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi daxildir. Bununla yanaşı, gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması, biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması, gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması, müvafiq dövlət orqanlarının etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi, “dövlət – sahibkar – istehlakçı” zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması, gömrük-biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması, biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi, ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində “Yaşıl texnologiyalar”dan istifadə edilməsi hədəf göstəriciləri arasındadır. Bütün bunlar təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviq edilməsinə, iqtisadiyyatın diversifikasiyasının təmin olunmasına, səmərəli gömrük-biznes dialoqunun qurulmasına və digər belə mühüm nəticələrə gətirib çıxaracaq.
Etibarlı tərəfdaşlığın inkişaf etdirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və beynəlxalq səviyyədə sadələşdirmə tədbirlərinin etibarlı tərəfdaşlara tətbiqi mexanizmlərinin hazırlanması, etibarlı tərəfdaşların gömrük ödənişlərinin hissə-hissə ödənilməsi prosesinin və müddətinin formalaşdırılması, mikro və kiçik sahibkarların likvidlik imkanlarının artırılması, sadələşdirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin qurulması, onlarla bağlı üstünlüklərin təbliğ və təşviq edilməsi konsepsiyanın prioritet istiqamətlərinə daxildir.
Etibarlı tərəfdaşlıq modelinin inkişafında qarşılıqlı məlumat mübadiləsi də xüsusi rol oynayır. Gömrük orqanlarının sahibkarlarla real vaxt rejimində məlumat paylaşması, riskli halların və potensial problemlərin birgə təhlili ümumi sistemin təhlükəsizliyini artırır. Bu mexanizm həm gömrük sərhədindəki gecikmələrin qarşısını alır, həm də biznesin planlaşdırma qabiliyyətini gücləndirir. Eyni zamanda, sahibkarlar da gömrük orqanlarına fəaliyyətləri barədə tam və şəffaf məlumat təqdim etməklə yükün təhlükəsizliyini və ticarətin fasiləsizliyini təmin etmiş olurlar. Eyni zamanda, etibarlı tərəfdaşlıq modeli yalnız güzəştlər sistemindən ibarət deyil. Belə ki, sözügedən model qarşılıqlı məsuliyyət tələb edir.
Etibarlı tərəfdaş statusu biznes subyektləri üzərinə böyük məsuliyyətlər qoyur. Modelin üstünlükləri isə çoxşaxəlidir. Birincisi, ticarət dövriyyəsi sürətlənir və logistika xərcləri azalır. İkincisi, şirkətlər beynəlxalq bazarlara çıxışda daha çevik olur, çünki gömrük risklərinin minimuma endirilməsi məhsulların vaxtında çatdırılmasını təmin edir. Üçüncüsü, dövlətin gömrük nəzarəti daha səmərəli olur: resurslar riskli sahələrə yönəldilir, təhlükəli yüklərin aşkarlanması asanlaşır. Nəhayət, bu model ölkənin ümumi iqtisadi imicini gücləndirir və xarici investorlar üçün cəlbediciliyi artırır. Bu modelin tətbiqi, davamlı inkişaf etdirilməsi ticarət əlaqələrinin möhkəmlənməsinə, iqtisadi təhlükəsizliyin artırılmasına və ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verir. O mənada “Etibarlı Tərəfdaş Konsepsiyası” ölkə iqtisadiyyatı üçün yeni imkanlar açır.
MTM Analitik Qrup
