GECƏ VƏ SƏHƏR ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ YAĞIŞ YAĞACAĞI PROQNOZLAŞDIRILIR

Azərbaycanda avqustun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində – 760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.