Avqustun 6-da ADA Universitetində gənc müəllimlər üçün “COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi” layihəsinin açılış mərasimi keçirilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, VI çağırış Milli Məclisin deputatı Nigar Arpadarai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, COP29-un İqlim üzrə gənclər çempionu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, eyni zamanda, videoformatda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çıxış edib.
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, BMT İnkişaf Proqramının Azərbaycandakı ofisi, UNICEF-in Azərbaycandakı nümayəndəliyi, ADA Universiteti, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, UNESCO, IRENA (International Renewable Energy Agency), FEE (Foundation for Environmental Education), OCE (Office for Climate Education), Teach for All (A Global Network) qlobal şəbəkəsinin tərəfdaşlığı və dəstəyi ilə keçirilən beynəlxalq səviyyəli düşərgədə ümumilikdə 75 gənc müəllim iştirak edir ki, onların 54-ü xarici ölkələri, 21-i isə Azərbaycanı təmsil edir. Avqustun 9-dək davam edəcək düşərgədə gənc müəllimlər üçün iqlim dəyişmələri və ümumilikdə COP prosesi haqqında məlumatlılığın artırılması məqsədilə silsilə təlimlər keçiriləcək.
COP29-a gedən yolda müəyyən edilmiş hədəflərə nail olmaq üçün həyata keçirilən təşəbbüslərdən biri də iqlim dəyişmələri üzrə yay düşərgəsi-təlimlərin təşkilidir. Təlimlərin keçirilməsində məqsəd iqlim dəyişmələri ilə bağlı gənc müəllimlərin maarifləndirilməsi və təhsilə inteqrasiya imkanlarının tətbiqi üçün müvafiq bilik və bacarıqlarla təmin olunmasıdır.
Xatırladaq ki, COP29-un İqlim üzrə gənclər çempionunun fəaliyyət prioritetlərindən biri iqlim fəaliyyəti ilə bağlı yerli, regional və qlobal proseslərdə gənclərin iştirakının təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsidir. İqlim dəyişmələri və bu sahədə göstərilən səylər, COP prosesi haqqında gənclərin maarifləndirilməsi təcrübəsinin genişləndirilməsi də bu fəaliyyətin vacib hissəsidir.