
2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur.
Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.
Qlobal siyasətdə artan geosiyasi gərginlik və qarşıdurmanın iqtisadiyyatda qeyri-müəyyənlik yaratması, nəticədə tələb və təklif şoklarının artması da daxil olmaqla, təchizat zəncirində qırılmalar, dünyada iqtisadi artım templərinin zəifləməsi, məhdudlaşdırıcı pul siyasətini işə salan iqtisadi şoklar səbəbindən növbəti ildə inflyasiyanın yüksək qalması gözlənilir. İşğaldan azad edilmiş ərazilərdə hazırda bərpa-quruculuq işlərinin sürətlənməsi, mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, “Böyük Qayıdış” konsepsiyasının reallaşması üçün atılan addımlar iqtisadi artıma dəstək verməkdədir.
Qeyd olunan amillər 2024-cü ildə ÜDM-in real artım tempinin 2,4 faiz, qeyri neft (qaz) sektoru üzrə ÜDM-in real artım tempinin 4,6 faiz artımına səbəb olacaqdır ki, bu da növbəti ildə fiskal dayanıqlılığın təmin edilməsində iqtisadi mühitin əlverişli olacağına geniş zəmin yaradır.
2024-cü il üzrə dövlət büdcəsi gəlirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış növbəti və sonrakı üç il üçün makroiqtisadi göstəricilər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası” əsasında və neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülməklə hesablanıb.