FUTBOL ÜZRƏ AZƏRBAYCAN KUBOKU YARIŞININ DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNİN İLK OYUNLARINA HAKİM TƏYİNATLARI AÇIQLANIB

Futbol üzrə Azərbaycan Kuboku turnirində dörddəbir final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər verir ki, iki günü əhatə edəcək mərhələyə fevralın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə start veriləcək. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma saat 17:30-da start götürəcək.

Saat 19:45-də başlayacaq ikinci oyunda “Neftçi” və “Sabah” klubları üz-üzə gələcək. “Bakcell Arena” stadionunda oynanılacaq matçın baş hakimi Əliyar Ağayev olacaq.

Mərhələnin digər iştirakçısı “Zirə” komandası fevralın 2-də “Səbail” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Sonuncu görüşdə isə “Sumqayıt” və “Qəbələ” klubları qarşılaşacaqlar. Rauf Cabarovun idarə edəcəyi qarşılaşma saat 19:45-də start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.