FRİDRİX MERTZİN KANSLERLİYİ ALMANİYAYA VƏ AVROPA İTTİFAQINA NƏ VƏD EDİR?

Almaniyada baş verən siyasi dəyişikliklər təkcə ölkənin daxili həyatına deyil, bütövlükdə Avropa qitəsinə təsir edə biləcək əhəmiyyətli bir mərhələnin başlanğıcıdır. Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertzin kansler seçilməsi post-Merkel dövrünün zəif koordinasiyalı siyasətindən sonra Almaniyanın Avropa İttifaqında liderlik iddiasını bərpa etməyə yönəlmiş strategiyanın işarəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Fridrix Mertz Almaniyanın klassik sağ-mərkəzçi, iqtisadiyyata açıq və sosial konservativ dəyərləri müdafiə edən siyasətçisidir. CDU daxilində o, daha çox “nizam-intizam və məsuliyyət” şüarına əsaslanan maliyyə və iqtisadi siyasətləri ilə tanınır. Mertz uzun illər bank və biznes sektorunda fəaliyyət göstərdiyi üçün iqtisadi məsələlərə texnokratik yanaşma nümayiş etdirir. Bu, xüsusilə sosial xərclərin azaldılması və orta sinifin vergi yükünün yüngülləşdirilməsi vədlərində özünü göstərir. Bu baxımdan onun kansler seçilməsi ilə Almaniyada daha sərt büdcə siyasətinin həyata keçirilməsini proqnozlaşdırılır. Çünki Mertz iqtisadi liberallığı ön planda saxlayaraq, dövlətin bazara müdaxiləsini minimuma endirməyi və sahibkarlığın təşviqini planlaşdırır. Bu, vergi endirimləri, tənzimləmələrin azaldılması və orta müəssisələrə dəstəyin artırılması ilə müşayiət oluna bilər. Bununla yanaşı, nüvə enerjisinə qismən dönüş və Rusiyadan enerji asılılığının tam aradan qaldırılması məqsədi ilə rəqəmsal və yaşıl texnologiyaların təşviqi də nəzərdə tutulur. Ən çox diqqət çəkən məsələlərdən biri də budur ki, Mertz hökumətinin miqrasiya siyasətində daha sərt yanaşma nümayiş etdirəcəyi gözlənilir. Bu, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, sığınacaq qanunvericiliyinin sərtləşdirilməsi və daxili təhlükəsizlik orqanlarının səlahiyyətlərinin artırılması ilə bağlı olacaq.

Angela Merkel dövründə Almaniya Avropada sabitliyin qoruyucusu kimi çıxış edirdi. Lakin onun vəzifədən getməsindən sonra Almaniyanın Avropa İttifaqı daxilində liderliyi müəyyən qədər zəifləməyə başladı. Mertzin kansler seçilməsi bu vəziyyəti dəyişə bilər. İlk növbədə bu, özünü ortaq müdafiə və təhlükəsizlik siyasətində göstərəcək. Çünki Donald Trampın yenidən prezident seçilməsi və Ukrayna müharibəsi fonunda Mertz Avropanın öz təhlükəsizlik arxitekturasını qurmalı olduğunu düşünür. Bu, Almaniyanın Avropa İttifaqı daxilində ortaq ordu və hərbi-sənaye kompleksinin inkişafına daha fəal töhfə verəcəyi mənasına gəlir.

Digər tərəfdən Mertzin rəhbərliyi ilə Almaniya Avropa İttifaqının Çin, Rusiya və ABŞ qarşısında vahid mövqe sərgiləməsi üçün fəallığını artıracağı gözlənilir. Bu, Avropa İttifaqının “strateji muxtariyyət” siyasətinə yeni impuls verə bilər. Mertzin Avropa siyasətində daha çox “funksional Avropa” ideyasına önəm verəcəyi, Avropa İttifaqının idarəetmə mexanizmlərində çevikliyin artırılması və qərarların daha tez verilməsi üçün Fransa ilə əməkdaşlığı gücləndirəcəyi ehtimal olunur. Beləliklə, Fridrix Mertzin kanslerliyi ilə Almaniyada və Avropa İttifaqında yeni bir dövrün başlandığını söyləmək olar. Onun rəhbərliyi altında Berlin həm iqtisadi, həm də geosiyasi baxımdan Avropa İttifaqının əsas güc mərkəzinə çevrilmək iddiasındadır. Lakin bu iddianın reallaşması üçün daxili siyasi sabitlik, koalisiya daxilində nizam və Avropa ölkələri ilə strateji koordinasiya həyati əhəmiyyət daşıyır.

MTM Analitik Qrup