Azərbaycana səfərimizin məqsədi müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərə baş çəkməkdir. Missiyamıza ilk olaraq Gəncə şəhərindən başladıq. Görürük ki, şəhərin mərkəzində heç bir hərbi obyektin olmasına baxmayaraq, buraya bomba atılıb. Biz bu dağıntılara baxdıq. Verilən məlumata görə, onlarla mülki şəxs həyatını itirib.
Bunu Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Frederik Düma jurnalistlərə açıqlamasında bildirib.
“Çox istərdik ki, fransızlar bu hadisələr barədə obyektiv məlumat alsınlar. Ona görə də biz – Dostluq Qrupunun üzvləri hadisə yerinə gəldik ki, gördüklərimizi Fransa ictimaiyyətinə çatdıraq. Çünki Fransada bir çoxları bu hadisədən xəbərsizdir. Artıq münaqişə başa çatıb. İndi regionda sülhün bərqərar olması lazımdır və biz buna ümid edirik.
Qeyd etmək istərdim ki, Fransa ictimaiyyətində belə bir fikir formalaşıb ki, ermənilər azərbaycanlılara qarşı heç bir müharibə cinayəti törətməyib. Biz isə öz gözlərimizlə görürük ki, sivil insanlara qarşı hücumlar olub. Bu da müharibə cinayətləri kimi qiymətləndirilə bilər”, – deyə Frederik Düma vurğulayıb.