
Azərbaycanın haqlı tələblərini icra etməyən Ermənistanın yekun sülh müqaviləsinin imzalanmasına aşkar mane olması, ölkəmizə qarşı absurd iddialar səsləndirməsi faktiki olaraq bu ölkənin özünün əleyhinə işləyir, onu müəyyən xarici güclərin əlində vasitəyə çevirir. Konkret olaraq Fransa hakimiyyətinin Ermənistanı himayə etməklə, onu marionet ölkəyə çevirmək və Cənubi Qafqaz regionuna nüfuz imkanları əldə etməyə çalışır.
Rusiyaya olan ümidləri tamamilə sarsılmış rəsmi İrəvan Fransa üçün siyasi alət rolunu oynayır və bununla həm də ölkəsinin maraqlarını arxa plana atır. Məsələ burasındadır ki, Ermənistanın maraqları hazırda Azərbaycan və Türkiyə ilə sülh, əməkdaşlıq və sabitlik mühitində yaşamağı tələb edir. Lakin Fransa və digər bir sıra Qərb ölkələrindən asılı durumda olması Ermənistanın sülh istiqamətində real addımlar atmasına imkan vermir, onu təsir altında saxlayır.
Fransa hakimiyyətinin Ermənistanın əsassız iddialarını dəstəkləməsi və açkar anti-Azərbaycan siyasəti regionda sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi nəticəsində nəinki vasitəçilikdən hkənarda qalan, eləcə də regiondakı proseslərə nüfuz imkanlarını itirən Fransa Azərbaycana qarşı iftira kampaniyasını davam etdirir və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Son iki ildə “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı beynəlxaq platformalarda cəbhə açmaq istəyən rəsmi Paris beynəlxalq ictimaiyyətdən dəstək ala bilməyib. Qarabağdakı xunta rejiminin mövcudluğuna son qoyulandan sonra Fransa hökuməti aşkar şəkildə Ermənistana silah satışına, hərbi-texniki yardımlara başlayıb. Şübhəsiz, bütün bunlarda məqsəd marionet Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək, geosiyasi rəqabət imkanları əldə etməkdir. Rəsmi Paris bu məqsədlə Ermənistana şirnikləndirici vədlər verir, rəsmi İrəvanı Rusiya ilə körpüləri tamamilə yandırmağa təhrik edir.
Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun bu günlərdə “France Inter” kanalına müsahibəsi zamanı saxta iddialarını davam etdirməsi, “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” iddia etməsi bu ölkənin Azərbaycana qarşı qərəzli münasibətinin, beynəlxalq hüquqa səthi yanaşmasının bariz göstəricisidir. Aşkar görünür ki, Ermənistan-Fransa “tandemi” şərti sərhəddə son günlər müşahidə olunan gərginliyin məsuliyyətini Azərbaycanın üzərinə qoymağa, ölkəmizi “sülh prosesini pozan” tərəf kimi göstərməyə çalışırlar. Ermənistanın xarici işlər naziri A.Mirzoyanın IV Antalya Diplomatik Forumu çərçivəsindəki qeyri-ciddi açıqlamaları da məhz Azərbaycanı “sülhə mane olan tərəf” kimi göstərməyə hesablanmışdı.
Azərbaycan XİN-nin bu qərəzli iddialarla bağlı açıqlamasında bildirilir: “Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini, Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir”.
Yekun sülh sazişində yer alan 17 müddəa ilə bağlı razılaşma əldə olunsa da, Ermənistan hələ də şərti sərhəddə mövqelərimizi atəşə tutur, Avropa İttifaqının müşahidə missiyası adı altında ərazisinə yerləşdirdiyi hərbi kontingentin təxribatlarına son qoymur. Halbuki, yekun sülh sazişində yer alan razılaşmaların mühüm bəndlərindən xarici qüvvələrin şərti sərhəd bölgəsindən geri çəkilməsini nəzərdə tutur. Eyni zamanda, rəsmi İrəvan əsassız iddialarda ATƏT-in Minsk qrupunun ləğvi, konstitusiyasında ərazi iddialarına əsas yaradan müddəaların dəyişdirilməsi istiqamətində heç bir addım atmır. Bütün bunların müqabilində Fransanın sərhəddəki vəziyyətə görə əsassız olaraq yenə də Azərbaycanı günahlandırması, ölkəmiz haqqında saxta rəy formalaşdırmağa çalışması bu ölkənin ənənəvi riyakarlığının göstəricisidir.
Fransanın özünün son illərdə tutduğu destruktiv mövqe Cənubi Qafqazda sülh və sabitliyə deyil, ayrıcı xətlərin dərinləşməsinə, pozuculuğa xidmət edib. Rəsmi Parisin Ermənistanı son illərdə öldürücü silahlarla təchiz etməsi, hərbi-texniki əməkdaşlığı genişləndirməsi deyilənlərə bariz sübutdur. Son iki ildə “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı beynəlxaq platformalarda cəbhə açmaq istəyən rəsmi Paris istəyinə nail ola bilməyib.
Fransa rəsmilərinin reallığı təhrif edən bu və digər açıqlamaları ölkəmiz üçün, əslində, yenilik deyil. Azərbaycanın müstəqil, qətiyyətli xarici siyasət yürütməsi, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında suverenliyini hərb meydanında bərpa etməsi Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi maraqlarını reallaşdırmağa çalışan rəsmi Parisi ciddi narahat edir. Rəsmi Paris hazırda qızışdırıcı mövqe tutmaqla, regionda münaqişə səhifəsinin bağlanmasını istəmir, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Qarabağdakı separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyması ilə heç cür barışa bilmir.
Ümumiyyətlə, Cənubi Qafqaz regionunda maraqları olan bir sıra ölkələr, eləcə də Fransa son illərdə Azərbaycanın iradəsinə təsir etməyə çalışa da, daim fiasko ilə üzləşib. Belə vəziyyətdə Azərbaycanın ziddi mövqe sahibinə çevrilməsi regiona kənar təsirlərin azaldılmasına imkan verib. Rəsmi Bakı Fransanın ölkəmizə qarşı qərəzli kampaniyalarının əsassızlığını sübuta yetirməklə yanaşı, bu ölkənin müstəmləkəçilik siyasətinin ifşası istiqamətində də mühüm nəticələr əldə edib.
MTM Analitik Qrup