FRANSANIN MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNƏ BAKIDA DAHA BİR GÜCLÜ ZƏRBƏ VURULDU

Fransanın hələ də davam etdirdiyi müstəmləkə siyasətinin dəhşətli nəticələri Reyunyon adasında da özünü qabarıq şəkildə büruzə verir. Hind okeanında yerləşən bu adanın sakinlərinin azadlığı indiyə kimi Fransa tərəfindən boğulur. Buna paralel şəkildə adanın sərvətləri, turizm imkanları digər kolonial ərazilər kimi fransızların zənginləşməsinə xidmət edir. XVI əsrin əvvəllərindən avropalılar ayaq açdığı adada həmin vaxta kimi yaşayış olmayıb. Adaya ilk səfər edənlər portuqallar olub və zaman keçdikcə fransızlar, hindlilər, afrikalılar, çinlilər də buraya gəlməyə başlayıblar. Nəticədə ada müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib. Zaman keçdikcə burada öz dili və adət-ənənələri ilə seçilən kreol xalqı yaranıb. Kreollar qonşu Mavriki və Seyşel adalarında da yaşayırlar, lakin Reyunyon kreolları ən böyük etnik müxtəlifliyə malikdir. Fransa müstəmləkəçiliyinin genişləndiyi dönəmlərdə Reyunyon da zorla bu kolonial imperiyanın tərkib hissəsinə qatılıb. Kəşf edildikdən sonra ada əvvəlcə Müqəddəs Apollon adlandırılıb. Amma fransızlar adanı ələ keçirdikdən sonra hakim sülalənin şərəfinə onu Burbon adlandırmağa başlayıblar. Böyük Fransa İnqilabından sonra 1793-cü ildə adaya Reyunyon adı verilib, lakin bir neçə il sonra Napoleon hökuməti koloniyanın Bonapart adlandırılması barədə qərar qəbul edib. Burbonların qayıdışı ilə ada yenidən Burbon adını daşımağa başlayıb, 1848-ci il inqilabından sonra nəhayət, müasir adını alıb. Ada coğrafi baxımdan Afrikanın bir hissəsidir və əsrlərdir ki, ən qəddar formalarda Fransa tərəfindən istismar olunur. Müstəmləkə altında saxladığı digər ərazilərdə olduğu kimi buradakı reallıqlardan da dünya ictimaiyyətinin xəbərdar olmasının qarşısını almaq Fransa siyasətinin başlıca məqsədləri sırasında yer alıb. Lakin Azərbaycanın müstəmləkəçilik əleyhinə fəaliyyəti kontekstində Fransanın bu cəhdlərinin açıq şəkildə iflasa uğraması müşahidə olunur. Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans bu mənada olduqca mühüm əhəmiyyətə malikdir. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub. Sözügedən tədbir burada Fransanın törətdiyi qanlı cinayətlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından da müstəsna önəm kəsb edir. O da faktdır ki, Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə olduqca ağrılı bir şəkildə qəbul olunur. Buna qarşı çıxmaq məqsədilə Fransanın bütün addımları fiasko ilə nəticələnib. Azərbaycan isə Fransanın bu mənfur siyasətinin önlənməsi, müstəmləkə ərazilərində törətdiyi cinayətlərin müvafiq hüquqi qiymətinin alması, koloniya zülmü altında yaşayanların öz azadlığına qovuşması istiqamətində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir. Bir neçə gün əvvəl yerli televiziya kanallarına müsahibəsində bununla bağlı Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər.

Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, – hər halda özlərini belə sayan, – üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir…”. Qeyd edilənlər fonunda Azərbaycanın Reyunyon xalqına da öz azadlığına qovuşması üçün bütün lazımı dəstəyi bundan sonra da verəcəyini indi Fransada da yaxşı bilirlər. Bu hal həm də Fransanın müstəmləkə siyasətini vurulan növbəti zərbə hesab olunur. Reyunyonda indiki vəziyyətə gəlincə, burada həqiqətən də vəziyyət ağırdır. Fransanın burada apardığı insan alveri siyasətinin ağır nəticələri hələ adadan tam silinməyib. Burada uzun illər ərzində sağlam və güclü uşaqlar təhsil adı altında Fransanın cənubundakı bataqlıq və ya quraq fermalarda qul əməyinə cəlb ediliblər. Özü də bunlar Fransada qurulan Beşinci Respublika dönəmində də baş verib. Üzə çıxan faktlar göstərir ki, 1962-ci ildən 1983-cü ilə qədər 1630 uşaq adadan Fransaya aparılaraq qul əməyinə cəlb olunub, onların valideynlərinə isə övladlarının guya təhsilə cəlb olunması barədə yalan məlumatlar verilib. Həmin uşaqların demək olar ki, yarısı sonradan psixiatriya klinikalarında xəstə olub, təxminən yeddi faizi isə intihar edib. Bununla yanaşı, Fransa adada afrikaəsilli qadınları aborta məcbur edib. Həmin dövrdə müstəmləkəçi dövlətin həkimləri yalan danışır, qadınlara başqa əməliyyatlar icra etdiklərini deyərək onların bətnindəki körpələri öldürüblər. Ümumiyyətlə, Fransa burada çoxsaylı cinayətlər törədib, hətta Fransanın keçmiş baş naziri Mişel Döbre bu fonda “yerli Hitler” adını alıb. Adanın suverenliyi uğrunda mübarizə aparan “Ka Ubuntu” müstəqillik hərəkatının sədri Romen Katambara bildirir ki, indi də Fransanın imperialist siyasətində ada xalqı böyük əziyyət çəkir: “Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir”. O qeyd edir ki, Reyunyon adasında hökm sürən iqtisadi çətinliklərə paralel olaraq yerli əhalinin müxtəlif icmaları arasındakı gərginlik də yaradılır: “Fransa rəsmiləri guya Reyunyonda mütəşəkkil cinayətlərin artması, ətraf mühitə ziyanın vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması təbliğatını aparmaqla ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meylərinin qarşısının almaq məqsədi güdür”. Amma Azərbaycanın fəaliyyəti Fransanın bədnam niyyətləri qarşısında daha güclü sipərə, azadlıqları uğrunda mübarizə aparan xalqların ümid yerinə çevrilir.

MTM Analitik Qrup