
Fransanın Gorus şəhərində fəxri konsulluq açması, burada ikitərəfli əməkdaşlıq üzrə beşinci konfransın keçirilməsi rəsmi Parisin regionda sülh və qarşılıqlı etimad quruculuğuna qarşı yönəlmiş növbəti destruktiv fəliyyətinin tərkib hissəsidir. Bu pozucu addımların Azərbaycanla Ermənistan arasında münasibətlərinin həssas mərhələsində – yekun sülh sazişi üzrə danışıqların davam etdiyi zamana təsadüf etməsi qeyd edilən mülahizəni daha da gücləndirir.
Gorus şəhəri Azərbaycanla dövlət sərhədinə yaxın, strateji mövqedə yerləşir və Zəngəzur dəhlizi marşrutunun perspektivdə məhz bu ərazidən keçməsi nəzərdə tutulur. Rəsmi Bakı Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantını, eyni zamanda, regionun iqtisadi və nəqliyyat baxımından inteqrasiyasını təmin etmək üçün Ermənistandan bu lahiyənin icrasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir. Zəngəzur Dəhlizi layihəsi regional əməkdaşlığı, sülh və etimad quruculuğu təşviq etməklə yanaşı, Ermənistanı özünütəcrid vəziyyətindən çıxmasına da imkan yarada bilər. Fransa, İran kimi xarici aktorların son illərdəki kobud müdaxiləsi Ermənistanın bu reallıqları adekvat dəyətləndirməsinə mane olur. Bu da regionda sivil əməkdaşlıq, inteqrasiya və etimad mühiti əvəzinə qarşıdurma ab-havasını gündəmdə saxlayır.
İrandan sonra Fransanın da Gorusda fəxri konsulluq açmasına şəraitin yaradılması rəsmi İrəvanın regionda kənar gücləri yerləşdirmək yolu ilə Zəngəzur Dəhlizi ilə bağlı öhdəliyinə əməl etməmək, regionun Azərbaycanın hərbi təhdidləri ilə üzləşməsi barədə saxta təsəvvür formalaşdırmaq cəhdlərinin aşkar təzahürləridir. Rəsmi Parisin məhz bu ərazidə konsulluq açması, ardınca iki ölkənin əməkdaşlığına həsr olunmuş konfrans keçirməsi Fransanın regiondakı proseslərə kobud müdaxilə cəhdlərinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Tədbirdə Fransanın yüksək vəzifəli nümayəndələrinin iştirakı, bir sıra yeni təşəbbüslərin elan olunması, Ermənistanın “xüsusi tərəfdaş” kimi təqdim edilməsi ciddi suallar doğurur.
Fransa Xarici İşlər Nazirliyində Ermənistanla əməkdaşlığı əlaqələndirmək üçün analoqu olmayan “xüsusi koordinator” vəzifəsinin yaradılması da regionda ədavətin qızışdırılmasına yönəlib. Bununla bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekot Gorusda keçirilən konfransda məlumat verib. Tədbirdə çıxış edən Fransa Senatının üzvü Jilber-Lük Devinazi bildirib ki, “Ermənistana öz təhlükəsizliyini gücləndirməyə kömək etməliyik ki, onun sərhədlərini qorumaq üçün kifayət qədər hərbi müdafiə resursları olsun”.
Göründüyü kimi, Fransa pozucu addımları ilə Ermənistanı bir tərəfdən növbəti revanşist addımlara, digər tərəfdən Zəngəzur Dəhlizi layihəsinə qarşı müqavmət göstərməyə təhrik edir. Konfrans zamanı ölkəmiz əleyhinə səslənən qərəzli bəyanatlar, tərəfsizlik prinsipinə əməl olunmaması bölgədə ayırıcı xətlərin gücləndirilməsinə yönəlib. Fransanın bölgədə fəallaşmaq cəhdləri Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirmək riskini gücləndirir və yeni geosiyasi təhdidlərə yol aça bilər. Bir məqamı da xüsusi qeyd edək ki, Ermənistan Rusiyanın Gorusda konsulluq açmaqla bağlı istəyinə 3 ildir ki müsbət cavab verməyib. Gorus kimi strateji ərazidə Fransanın konsulluğunun açılması Rusiya üçün də sərt diplomatik mesajdır.
Fransanın Gorusda fəxri konsulluq açması beynəlxalq hüquq baxımından da ciddi suallar doğurur. Nəzəri baxımdan bu təmsilçilik 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası çərçivəsində mümkün sayılsa da, real vəziyyət qərarın hüquqi əsaslarını zəiflədir. Belə ki, həmin Konvensiyanın 5-ci maddəsinə əsasən, konsulluqların əsas funksiyaları aid olduqları ölkə vətəndaşların hüquqlarının qorunması, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsidir. İndi halda isə Gorusda nə Fransa vətəndaşları yaşayır, nə də bu şəhərlə xüsusi ticarət və ya mədəni əlaqələr mövcuddur. Belə olan halda, konsulluğun yaradılması diplomatik məntiqə sığmır və məkrli siyasi məqsədlər güdür. Əgər konsulluq konkret funksiyalarını yerinə yetirmirsə, deməli onun fəaliyyəti daha çox Ermənistanı siyasi, informasiya və hərbi baxımından dəstəkləmək məqsədi güdür. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi dövrdə bu addımın həm layihəyə qarşı olduğu aşkar sezilir.
Ermənistan-Fransa əməkdaşlığına dair Gorus konfransı da mahiyyətcə regionda sülhə xidmət etmir. Əksinə, bu tədbirdə səslənən fikirlər mövcud gərginliyi dərinləşdirir, tərəflər arasında etimadı azaldır, kompromis imkanlarını daraldır. Eyni zamanda, bu addımlar Avropa İttifaqının regiondakı sülh səyləri ilə ziddiyyət təşkil edir. Avropa İttifaqı bir tərəfdən Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini, sülh gündəliyini təşviq etdiyini bəyan edir, digər tərəfdən onun aparıcı ölkələrindən olan Fransa birtərəfli və qərəzli mövqe ilə bu prosesi kölgə altına alır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda sülhün bərqərar olması üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan yanaşma əsas şərtdir. Fransanın birtərəfli addımları bu prinsipə nəinki uyğun gəlmir, eləcə də regionda yeni münasibətlərin qurulması üçün zəruri olan etimad mühitini zədələyir. Xarici qüvvələrin dolayı və aşkar müdaxiləsi, hərbi-siyasi balans yaratmaq cəhdləri danışıqlar prosesinə mənfi təsir göstərir. Odur ki, regiona aid olmayan hərbi-siyasi güclərin sərhəd bölgəsindən uzaqlaşdırılması danışıqlar prosesində rəsmi Bakının əsas və haqlı tələblərindən biridir. Cənubi Qafqaz yalnız region ölkələri üçün geosiyasi əməkdaşlıq platformasına çevrilməlidir.
Kənar qüvvələrin bu və digər müdaxilə cəhdlərinə rəğmən, ölkəmiz regionda istənilən geosiyasi təhdidə, təxribat cəhdlərinə qarşı prinsipial mövqe nümayiş etdirir, beynəlxalq hüququn aliliyinə əsaslanaraq öz suverenliyini, ərazi bütövlüyünü qoruyur. Rəsmi Bakı Fransa kimi regiona aid olmayan ölkələrin Cənubi Qafqazdakı proseslərə müdaxilə imkanlarının qarşısını indiyə qədər olduğu kimi, bundan sonra da almaq əzmindədir.
MTM Analitik Qrup