
Fransa Prezidenti Emmanuel Makronun “lazım gələrsə sosial mediaya girişin bloklana biləcəyi” ilə bağlı açıqlaması kəskin etirazlara səbəb olub.
“Boyun əyməyən Fransa” partiyasının parlament qrupunun sədr müavini Mathilde Panot özünün tviter səhifəsində Makronun açıqlaması barədə xəbəri sitat gətirərək Fransa Prezidentini Şimali Koreya lideri Kim Çen Inla müqayisə edib.
Fransız deputat Olivier Marleix isə etirazını bu sözlərlə ifadə edib: “Sosial media şəbəkələrinə girişi kəsmək? Çin, İran, Şimali Koreya kimi?”. O, həmçinin vurğulayıb ki, Makron bu açıqlamaları ilə diqqəti yayındırmaq istəyir.
Sosial mediadakı şərhlərdə də Makrona sərt etiraz bildirilir. Məsələn tviterdə çoxsaylı izləyicisi olan istifadəçilərdən biri belə yazıb: “Makron hər şeyə qərar vermək istəyir, amma heç nəyə görə məsuliyyət daşımaq istəmir. Məncə, o, vəzifəsinin mahiyyətini o qədər də yaxşı anlamır”.
Emmanuel Makronun sosial media senzurasına yönəlmiş çıxışı ölkə mətbuatında ən çox danışılan mövzulardan biridir.
