FRANSADA İSLAMOFOBİYA: MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNİN VƏ İKİLİ STANDARTLARIN TƏZAHÜRLƏRİ

Fransada islamofobiya meyilləri son onilliklərdə daha da güclənərək, ümumən Avropa miqyasında dini zəmində ziddiyyət və qarşıdurmaları tətikləyən təhlükəli tendensiyaya çevrilib. Sözdə özünü “demokratiya və insan haqlarının hamisi” kimi təqdim edən, dünyaya “liberalizm dərsi” keçməyə çalışan Fransa, əslində, dini azadlıqlar sahəsində ən çox tənqid olunan ölkələrdən biridir.

Bu ölkədəki islamofobiya meyilləri yalnız sosial münasibətlərdə deyil, dövlət siyasətində də özünü qabarıq göstərir. Müsəlmanların dini-mənəvi dəyərlərinə, etiqad ünvanı olan ziyarətgahlarına qarşı nümayiş etdirilən dözümsüzlük artıq sistemli xarakter daşımağa başlayıb. Ötən illərdə Fransanın “Charlie Hebdo” satirik jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının yerləşdirilməsi, “Qurani-Kərim”in tez-tez yandırılması, məscidlərə edilən hücumlar, müsəlman miqrantların təqiblərə məruz qalmaları deyilənlərin əyani təzahürüdür. 2004-cü ildə qəbul edilən mürtəce qanunla Fransa məktəblərində bütün dini simvolların istifadəsinə, o cümlədən hicaba qadağa qoyulub və insanların dini etiqad azadlığına kobud müdaxilə edilib. Bunun ardınca dövlət qurumlarında hicaba məhdudiyyətlərin tətbiqi müsəlman qadınların daha da təzyiq altında qalmasına gətirib çıxarıb. Bütün bunlar Fransa cəmiyyətində gərginliyi artırmaqla yanaşı, bu ölkənin müsəlman dünyasında nüfuzunu da ciddi şəkildə sarsıdır.

Qeyd etmək lazımdır ki, Fransada islamofobiya yalnız dini dözümsüzlük və ksenofobiya meyillərindən qaynaqlanmır. Bunun səbəblərini həm də Fransanın müstəmləkəçilik və kolonializm siyasətinin mahiyyətində axtarmaq lazım gəlir. Müstəmləkə altında olan, islama etiqad edən xalqların mədəni, dini və siyasi hüquqlarının sıxışdırılması, nəticədə bu ölkələrdən Fransaya kütləvi köçlərin baş verməsi indiki şəraitin sosial əsaslarını formalaşdırıb. Bu ölkənin siyasi elitasının şüurunda islam hələ də “koloniyalardan gəlmiş” insanların dini kimi təsəvvür olunur.

Əlcəzair, Tunis, Mərakeş, Seneqal və digər Afrika ölkələrinin uzun illər Fransanın nəzarəti altında qalması bu ölkədə müsəlmanlara qarşı barışmazlıq və nifrət siyasətinin genişlənməsinə səbəb olub. Bu məkrli siyasəti həyata keçirmək üçün Fransa bir sıra Afrika və Okeaniya ölkələrində dəhşətli soyqırımlar həyata keçirib, müstəmləkəçiliyə etiraz edən 2 milyondan çox afrikalı zorakılıqla məhv edilib. Hazırda dünyanın bir sıra bölgələrində – Karib adaları, Cənubi Amerika, Sakit və Hind okeanlarında fransız müstəmləkəçiliyinin hələ də mövcud olması qlobal sülh və təhlükəsizliyi ciddi təhdid edir.

Son günlərdə Fransada Paris və ətraf bölgələrdə məscidlərin qarşısında donuz başlarının qoyulması bu ölkənin sağlam siyasi qüvvələrində belə ciddi etiraza səbəb olub. “Əyilməz Fransa” Partiyasının lideri Jan-Lük Melanşon bu xoşagəlməz hadisələr fonunda ölkənin daxili işlər naziri Brüno Rötayonu islamofobiya dalğasını qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, siyasi hakimiyyətin antimüsəlman ritorikası cəmiyyətin müəyyən qruplarını radikallaşdırır və nəticədə dini nifrət zəminində təxribatlar artır. Əgər dövlət siyasəti real tolerantlıq prinsiplərinə əsaslanmırsa, cəmiyyətdə dini-iqri və etnik dözümsüzlük meyilləri artmaqda davam edəcək.

Fransada islam dininə xoş olmayan münasibət bu ölkənin yalnız daxili deyil, xarici siyasətinə də sirayət edir. Rəsmi Paris uzun illər ərzində sırf xristian təəssübkeşliyi əsasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edib, Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq səviyyədə məkrli kampaniya aparıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bu qərəzli təbliğat daha geniş miqyas alıb. Azərbaycanın haqlı mövqeyini daim təhrif edən Fransa Cənubi Qafqaz siyasətini birtərəfli və qərəzli yanaşmalar üzərində qurması səbəbindən ölkəmizin etimadını itirib.

Fransa Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl Azərbaycanda guya fransız vətəndaşlarının təqib olunduğunu bəyan edərək, onlara ölkəmizə səfərdən çəkinməyi tövsiyə edib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla əlaqədar bəyan edib ki, bu cür əsassız və qərəzli açıqlama rəsmi Parisin ikitərəfli münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Ölkəmizdə yalnız bir Fransa vətəndaşı – Martin Rian casusluq fəaliyyətinə görə məhkəmənin hökmü ilə həbsdədir. Bu faktın fransız vətəndaşlarının “təqib olunması” kimi təqdimatı isə açıq-aşkar siyasi manipulyasiyadır. Həmin bəyanatın arxasında rəsmi Parisin təkcə anti-Azərbaycan deyil, islamafob təbliğatını genişləndirmək niyyəti dayanır.

Ümumiyyətlə, “insan hüquqları” adı altında digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edən bir dövlətin öz daxilində fundamental hüquqları məhdudlaşdırması ikili standartların təzahürüdür. Demokratiya fərdi azadlıqların qorunması deməkdir. İnsanın hansı geyimi seçməsinə, hansı dini simvolu daşımasına, necə ibadət etməsinə müdaxilə etmək demokratiyanın mahiyyətinə tamamilə ziddir.

Fransada islamofobiyanın dərinləşməsinin digər səbəbi sosial-iqtisadi amillərlə şərtlənir. Bu ölkədə müsəlman icmalarının əksəriyyəti mərkəzdən kənar məhəllələrdə, işsizlik və sosial problemlərin qabarıq hiss olunduğu məkanlarda yaşamağa çəhkum olub. Bu qrupların təhsil imkanlarının məhdudluğu, sosial-iqtisadi vəziyyətlərinin ağırlığı onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Fransa dövləti bu sosial problemləri həll etmək əvəzinə, müsəlman miqrantları “təhlükə ünvanı” kimi təqdim edir, ictimai rəyə mənfi mesajlar ötürür. Bu isə ümumilikdə Fransa cəmiyyətinin monolitliyinə təhlükə yaradır. Sosial parçalanma, gənclər arasında radikallaşma, dini icmalar arasında ziddiyyətlər ölkənin gələcəyini təhdid edir.

İslamafobiya meyilləri Fransa hakimiyyət böhranın dərinləşməsi ilə izah oluna bilər. İctimai dəstəyin azalması fonunda mərkəzi hakimiyyət diqqəti daxili problemlərdən yayındırmaq üçün “radikal islam” mövzusunu ön plana çəkir, süni təhlükə görüntüsü yaradır. Beləliklə, islamofobiya həm siyasi manipulyasiya, həm də hakimiyyətin zəifləyən dayaqlarını qorumaq üçün istifadə olunan alətə çevrilir.

MTM Analitik Qrup