
Ukrayna ətrafında cərəyan edən son proseslərdən dərs çıxarmalı olan ölkələrdən biri və bəlkə də birincisi heç şübhəsiz ki, Ermənistandır. Bəlli həqiqətdir ki, bu gün Ermənistan müəyyən Qərb ölkələrinin, əsasən də Fransanın təhriki ilə regionda təhdid mənbəyi olaraq qalır. Ermənistanı silahlandırmaqda davam edən Fransa bu ölkənin xarici siyasətinə yön verməklə əslində, onu çoxsaylı təhlükələr bataqlığına sürükləyir. Elə bundan irəli gəlir ki, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması, sülhün əldə olunması ləngiyir. Əvəzində, Fransanın və bəzi digər regiondankənar qüvvələrin fəaliyyəti nəticəsində Ermənistanın militaristləşdirilməsi sürətlənir, revanşizm əhval-ruhiyyəsi qızışdırılır. Bu isə sonda Ermənistan üçün növbəti dəfə fəlakətlə nəticələnə biləcək yeni hərbi qarşıdurmanı istisna etmir. Hər halda Azərbaycan müvafiq xəbərdarlıqlarını edib və indi rəsmi İrəvanın prosesləri adekvat qiymətləndirməsi zəruridir. Əks halda bundan zərər görəcək əsas tərəf Ermənistan özü olacaq.
Ancaq kənardan gələn göstərişlə xarici siyasət qurmağa aludə olmuş Ermənistan üçün təhlükənin miqyası təkcə qeyd olunanlarla məhdudlaşmır. Fransa və digərlərinin fəaliyyəti nəticəsində Ermənistanla Rusiya arasında siyasi, diplomatik, hərbi münasibətlərin hər keçən gün getdikcə daha da pisləşməsi müşahidə olunur. Yaxın tezlikdə bunun iqtisadi sferaya da sirayət edəcəyinə şübhə yoxdur. Əvvəllər Rusiyanın Cənubi Qafqazda forpostu hesab olunan Ermənistan bu gün şimal qonşumuza qarşı platsdarm rolunun icraçısıdır. Proseslərin mövcud məcrada inkişafı Rusiya və Ermənistan münasibətlərinin müəyyən edilməsində ikinci “Ukrayna ssenarisi”nin işə düşməsini belə istisna etmir.
Fransa və digər Qərb ölkələrinin Ermənistanda möhkəmlənməsi, bura hərbi kontingent yerləşdirməsi İranda da xoş qarşılanmır. Bunun iki ölkə arasında qarşılıqlı münasibətlərə təsirsiz ötüşmədiyinə dair Tehranın İrəvana müvafiq xəbərdarlıqlar ünvanlaması ilə bağlı erməni mediasında artıq yetərincə məlumatlara rast gəlmək mümkündür. Bunlara paralel olaraq, yenə Fransa və onunla eyni mövqedən çıxış edən bəzi qüvvələrin Ermənistana təsiri nəticəsində bu ölkənin Türkiyə ilə münasibətlərinin normallaşması prosesi ləngiyir. Eyni zamanda bəzi Qərb ölkələrinin Ermənistanı Gürcüstana qarşı platsdarm kimi istifadə etmək niyyəti də Tiflisin İrəvandan narazı qalmasını şərtləndirir.
Beləliklə, başda Fransa olmaqla müəyyən Qərb qüvvələrinin Ermənistana təsiri bu ölkənin region və hətta ondan kənar dövlətlərlə münasibətinin pisləşməsinə, müəyyən hallarda düşmənçilik həddinə çatması ilə nəticələnməkdədir. Təbii ki, belə vəziyyətdə ən böyük təhdid altında qalan ölkə məhz Ermənistandır. Yenə Ukrayna hadisələrinin nümunəsində qeyd etmək olar ki, hər hansı təhlükə, o cümlədən savaşla üzləşəcəyi halda Ermənistanı indiki siyasət yürütməyə həvəsləndirən, bəzən də məcbur edən ölkələr sadəcə, seyrçi qalmaqla kifayətlənəcəklər. Bu, xüsusən də iddiası imkanlarından böyük olan Fransaya aiddir.
Fransanın mövcud hakimiyyətini, onun rəhbərini xarakterizə edən əsas cəhət olduqca bərbad xarakterli daxili və xarici siyasət, verdiyi vədlərdən, üzərinə götürdüyü öhdəliklərdən çox rahat şəkildə imtina etmək, tərəfdaşlarını heç bir məsuliyyət hiss etmədən pis vəziyyətdə qoymaqdan çəkinməməkdir. Bunun nəticəsidir ki, Fransa Afrikadan biabırcasına qovulur, Parisin müstəmləkə əsarətində saxladığı ərazilərdə etirazlar artır. Tərəfdaşlarına münasibətdə isə Fransanın hər bir rəzilliyə gedə biləcəyini Ukrayna timsalında əyani surətdə görmək olar.
Bir vaxtlar Ukraynaya dəstək üçün qoşun yeritməyə hazır olduğunu bəyan edən Fransa Prezidenti Emmanuel Makron indi bunun mümkün olmadığını bəyan edir. Makron və digər Avropa liderləri ABŞ olmadan Ukraynaya dəstək üçün hansısa ciddi dəstək belə verə bilmirlər. Bununla bağlı Makronun Parisdə iki dəfə çağırdığı Avropa liderlərinin fövqəladə sammitində yalnız boş sözlərin səslənməsi də qeyd edilənlərin təsdiqi oldu.
Əlindən bir iş gəlməyən Makron çıxış yolunu ABŞ səfər edib bu ölkə prezidenti Donald Trampla görüşdə görür. Makron ümid edir ki, ABŞ-ın indiki liderinin Rusiya və Ukrayna ilə bağlı siyasətində dəyişikliklərə nail olacaq. Amma reallıq göstərir ki, Prezident Donald Trampın mövqeyinə hansısa radikal dəyişikliyə ümid bəsləmək sadəcə, illüziyadır. Əvəzində, ABŞ-ın Avropadan öz qoşunlarını çıxarmaq, buradakı “nüvə çətirini” geri götürmək niyyəti artıq “köhnə dünya”da şok effekti yaradıb. İndi Avropa Ukraynadan daha çox öz hayına qalıb.
Həmçinin, indiki mənzərə onu da açıq şəkildə nümayiş etdirir ki, Fransa və onun yanında olanlar təkbaşına hansısa addım atmaq, tərəfdaşlarını müdafiə etmək gücündə deyilər. Əksinə, çox asanlıqla həmin tərəfdaşlarını təhlükəyə ata bilərlər. İndi bütün bunlardan dərs çıxarmalı olan əsas tərəflərdən biri Ermənistandır. Fransaya güvənib hansısa yanlış iddialarda olmaq Ermənistana yalnız fəlakət vəd edir. Regiondan çox uzaqda olan Ermənistana Fransa heç bir şəkildə əsaslı kömək edə bilməyəcək. Bütün bunları lazımınca qiymətləndirəcəyi və zəruri addımlar atacağı halda Ermənistanın Fransaya və digər kənar qüvvələrə heç bir ehtiyacı da qalmayacaq. Azərbaycanla, Türkiyə ilə münasibətlərini normallaşdırıb sülh şəraitində yaşaması isə Ermənistanın təhlükəsizliyinin, inkişafının ən mühüm təminatıdır. Sadəcə, qeyd edilən istiqamətdə qətiyyət və iradə nümayiş etdirməklə, müvafiq fəaliyyət həyata keçirməklə Ermənistan varlığını davam etdirib təhlükəsiz tərəqqi yoluna çıxa bilər.