
Rəsmi Parisin anti-Azərbaycan fəaliyyəti son illərdə nəinki diplomatik etikanı, beynəlxalq hüquqla müəyyən edilmiş normaları aşaraq mürtəce xarakter alıb. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyinin ölkəmizin işğala və separatçılığa son qoyan legitim tədbirlərinin mahiyyətini təhrif etmək cəhdi, ilk növbədə, rəsmi Parisin bölgədə dayanıqlı sülhdə, sabitlikdə maraqlı olmamasının göstəricisidir.
Səfirin Azərbaycanı “Ermənistanın ərazilərini işğal etməkdə” təqsirləndirməsi, İrəvanın militarizasiya siyasətini himayə etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını təhrif etməsi ölkəmizə qarşı uzun müddətdir ki, davam edən qərəzli qarayaxma kampaniyasının tərkib hissəsidir. Fransa rəsmilərinin reallığı təhrif edən bu və digər açıqlamaları ölkəmiz üçün, əslində, yeni deyil. Azərbaycanın müstəqil, qətiyyətli xarici siyasət yürütməsi, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında suverenliyini hərb meydanında bərpa etməsi Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi maraqlarını reallaşdırmağa çalışan rəsmi Parisi ciddi narahat edir. Ermənistana təsir imkanlarını genişləndirərək for-postuna çevirmək istəyən rəsmi Paris hazırda qızışdırıcı mövqe tutmaqla, regionda münaqişə səhifəsinin bağlanmasını istəmir.
Fransa 28 il müddətində ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olmasına rəğmən, Ermənistana və bu ölkənin tarixi ərazilərimizdə formalaşdırdığı separatçı rejimə himayədarlıq edib. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Qarabağdakı separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyulması ilə heç cür barışa bilmir. Qarabağ ermənilərinin guya “etnik təmizləməyə məruz qalması” mövzusunda əsassız və qərəzli iddialar da deyilənləri təsdiq edir. Fəqət, rəsmi Parisin BMT və digər platformalarda Azərbaycana qarşı apardığı məkrli kampaniyalar beynəlxalq dəstək almayıb, rəsmi Bakıya təzyiq və təsir göstərmək cəhdləri fiaskoya uğrayıb. Bu uğursuzluqların fonunda rəsmi Paris avantürist siyasi gedişlər edərək regionla bağlı prosesləri təhrif edir, ölkəmizə qarşı cəfəng iddialardan əl çəkmir.
Fransanın sülh və sabitlikdə maraqlı olmadığını sübuta yetirən digər məqam Ermənistanı hərbiləşməyə sövq etməsi, bu ölkəyə hərbi texnika satışını genişləndirməsidir. Fransa ilə hərbi-texniki əməkdaşlığı genişləndirməsi rəsmi İrəvanın sülh çağırışlarının qeyri-səmimiliyini bir daha sübuta yetirir. Fransa hazırda Ermənistanı ən çox silahlandıran, silah-sursat yardımı edən ölkədir. Rəsmi Paris Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını öz geosiyasi maraqlarına təhlükə hesab edir, süni gərginlik yaratmaqla Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa çalışırlar.
Ümumiyyətlə, son illərdə Fransanın qlobal siyasi proseslərə münasibətində obyektivlik, ədalət və beynəlxalq hüquq prinsipləri deyil, kolonializm, xristian təəssübkeşliyi və islamafobiya əsas meyara çevrilib. Bütün bunlar sivil dünyanın istinad etdiyi sivilizasiyalararasi dialoq və multikulturalizm ideyaları ilə ziddiyyət təşkil edir. İslamofob və neokolonial siyasəti, təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi, “sarı gödəkçəlilər”in aksiyalarda zorakılığa məruz qalmaları, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdəki etiraz aksiyalarını silah gücünə boğması fonunda Fransanın Azərbaycanı “Qarabağın erməni əhalisinin hüquqlarını pozmaqda” ittiham etməsi tamamilə absurddur.
İrəvana dəstək məqsədilə ölkəmiz əleyhinə müxtəlif ittihamlar səsləndirən rəsmi Parisin ötən il COP29-un “boykot edilməsi” ilə bağlı apardığı kampaniyada da iflasa uğrayıb. Rəsmi Bakı Fransanın bu tədbirə münasibətdə əsassız iddialarla çıxış etdiyini, etnik separatçılığı dəstəklədiyini, bütün bunların beynəlxalq hüquqa hörmətsizlik olduğunu konkret faktlar əsasında dünya dövlətlərinin diqqətinə çatdırıb.
Rəsmi Bakı qətiyyətli mövqeyi, etiraz notası ilə özünü “demokratiyanın beşiyi sayan”, sivil, demokratik dəyərlərdən söz açan Fransanın ölkəmizdə casus şəbəkəsi formalaşdırmaq və məkrli məqsədlərini reallaşdırmaq niyyətlərini də ifşa edib. 2023-cü ildə iki fransız diplomatın “persona-non-qrata” elan edilməsi bu istiqamətdə qətiyyətli addım olub. Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan adlı şəxsin məhkəmə prosesi rəsmi Parisin beynəlxalq hüquqa zidd olaraq casusluq fəaliyyətinə əl atdığını təsdiqləyib. İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Rəsmi Parisin Azərbaycana qarşı davamlı xarakter alan əsassız ittihamlarının digər bir mühüm səbəbi də var: son iki ildə hücumçu diplomatiya yürüdən Azərbaycan rəsmi Parisin ekspansiya və kolonializm siyasətini dünyaya çatdırır. Ölkəmizin Fransanın uzun əsrlər boyu davam etdirdiyi, dünyada insan hüquqlarının kobud şəkildə pozulmasına, köləliyə və istismara səbəb olan kolonializm siyasətinə qarşı beynəlxalq müqaviməti təşviq etməsi obyektiv reallıqlarla şərtlənir. XIX-XX əsrlərdə İngiltərədən sonra dünyanın ikinci ən böyük müstəmləkə imperiyası olan Fransa bu gün də İnkişaf etməkdə olan kiçik ada dövlətlərini əsarətdə saxlayır, onların təbii sərvətlərini qanunsuz istismar edir.
2023-cü ildə yaradılmış Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə siyasətindən əziyyət çəkən xalqların haqq səsinin dünyaya çatdırılması, xüsusilə Fransanın kolonializminin dünyada ifşası baxımından mühüm platforma rolunu oynamaqdadır. Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş bir sıra tədbirlər Fransa dövlətinin müstəmləkəçilik siyasətinin fəsadlarına dair geniş fikir mübadiləsi aparmağa, birgə mübarizə strategiyası müəyyənləşdirməyə imkan verib.
MTM Analitik Qrup