FRANSA PORTALINDA PRAQADAKI “NATƏVAN” CƏMİYYƏTİNİN FRANSIZ İCTİMAİYYƏTİNƏ AÇIQ MƏKTUBU DƏRC OLUNUB

Fransanın https://www.lagazetteaz.fr xəbər portalında Praqada fəaliyyət göstərən “Natəvan” Mədəniyyət Cəmiyyətinin sədri, tanınmış şair Leyla Begimin görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın Evian-le-Bən şəhərindəki heykəlinin vandalizmə məruz qalması ilə bağlı fransız ictimaiyyətinə ünvanlanmış açıq məktubu yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müraciətdə azərbaycanlı şairin abidəsinə qarşı törədilən vandallığın dünyanın müxtəlif ölkələrində yaşayan maarifpərvər və yaradıcı insanlarda çaşqınlıq doğurduğu diqqətə çatdırılıb. “Maarifçiliyin prinsiplərinə əsaslanan İnsan Haqları Bəyannaməsinin qəbul olunduğu bir ölkədə – Fransada şairin abidəsinin sökülməsinə hazırlaşılması xəbəri məni hədsiz dərəcədə məyus etdi. Rodenin vətənində heykəli məhv etmək istəyirlər?”, – deyə müraciətdə qeyd olunub.

Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin həmmüəllifləri olduqları abidənin Evian-le-Bən şəhərindəki “Azərbaycan bağı”nda 6 il mövcud olduğu, nəfis sənət əsərinin təkcə multikultural dəyərlərə malik çoxmillətli Azərbaycanı deyil, həm də ümumbəşəri dəyərləri təmsil etdiyi vurğulanıb. Azərbaycanda bütün dini məbədlərin və tarixi abidələrin qorunduğu, görkəmli avropalılara –Motsart, Nikola Tesla, Şarl de Qoll və başqalarına heykəllər və barelyeflər qoyulduğu xatırladılıb.

Aleksandr Dümanın heyranlıqla vəsf etdiyi Xurşidbanı Natəvanın heykəlinin götürülməsi cəhdi mədəniyyətin dünya üzrə nümayəndələrinə qarşı müharibə elan edilməsi kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, bu, bütün maarifçilik prinsiplərinin ləğvinə, iki ölkə arasında onilliklər ərzində qurulmuş bütün diplomatik münasibətlərin məhvinə bərabərdir. Bu, keçmişdən gələcəyə, bundan sonrakı sivilizasiyaya aparan körpünün dağıdılmasıdır.

Fransız filosofu Jil Delezin yaradıcı insanları “sivilizasiyanın təbibləri” adlandırdığını xatırladan və heykəlin müdafiəsinə qalxdığına görə “La Gazette du Caucase” qəzetinin baş redaktoru Jan Mişel Bryuna minnətdarlığını bildirən şair bildirib ki, sağlam məntiqin qaragüruhçuluq üzərində qələbə çalacağına inanır.