FRANSA PORTALI: İTKİN DÜŞMÜŞ VƏ GİROV GÖTÜRÜLMÜŞ 4 MİN AZƏRBAYCANLIYA GÖRƏ ERMƏNİSTAN CƏZALANDIRILMALIDIR

Fransanın “Mediapart” portalında “Beynəlxalq İtkinlər Günü: Azərbaycan 4000 itkinini xatırlayır” sərlövhəli məqalə dərc olunub.

Məqalədə ötən əsrin 90-cı illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən, Birinci Qarabağ müharibəsindən, bu müharibə zamanı 4000 azərbaycanlının itkin düşməsindən və girov götürülməsindən bəhs olunur. Bildirilir ki, beynəlxalq hüququn girov götürməni, kütləvi edamları və zor gücünə yox etməni qəti şəkildə qınamasına baxmayaraq, Ermənistan işğal etdiyi torpaqlarda günahsız insanlara qarşı təcavüzkar siyasət aparıb. Ermənistan bununla 1949-cu il Cenevrə Konvensiyasının müharibə əsirləri və mülki vətəndaşlar ilə rəftara dair müddəalarını açıq şəkildə pozub. İşgəncələr, insan ləyaqətini alçaltma kimi hallar Ermənistan hərbçiləri tərəfindən sistemli və kollektiv şəkildə həyata keçirilib.

Yazıda vurğulanıb ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan itkin düşmüş və ya əsir götürülmüş 4 min azərbaycanlı haqqında məlumat verməkdən imtina edib. Onlar haqqında heç bir məlumat yoxdur. Qısa məlumatlar isə əsirlikdən azad olmuş bir neçə şahidin ifadələri əsasında əldə edilib. Ermənistan isə Azərbaycana qarşı hərbi təcavüzə və 30 ildir bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə hələ də cəzalandırılmayıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək, itkin düşmüş insanların yaxınlarının DNK nümunələrini toplayaraq itkin düşən insanların qalıqlarını tapacağına ümid edir. Azad edilmiş torpaqlarda kütləvi məzarlıqların aşkarlanacağı və itkinlərin cəsədlərinin tapılacağı gözlənilir. Ancaq bu ərazilərin erməni təcavüzkarları tərəfindən minalanması belə işlərin aparılmasını ləngidir.

Həmçinin qeyd edilib ki, bu, 4 min azərbaycanlı itkinin xatirəsini anmaq, ədaləti bərpa etmək məqsədilə işlərin başlanğıcıdır. Bu cinayətlərə görə beynəlxalq qurumlar Ermənistana qarşı hələ də heç bir sanksiya tətbiq etməyib və itkinlərə görə təzminat ödənilməsi tələb olunmayıb.