Rəsmi Bakının Fransanın müstəmləkə siyasətinin ifşasına yönəlmiş ardıcıl addımları və təşəbbüsləri bu imperialist ölkənin bəzi Afrika və Sakit dövlətlərini koloniyası kimi saxlamaq, təbii sərvətlərini qanunsuz şəkildə istismar etmək istiqamətində apardığı siyasətin beynəlxalq arenada ifşasını sürətləndirib. Azərbaycanı bu ölkənin guya “daxili işlərinə qarışmaqda, suverenliyinə və ərazi bütövlüyünə müdaxilədə” ittiham edən Fransa rəsmiləri bununla, əslində, beynəlxalq səviyyədə dəstəklənən dekolonizasiya prosesindən ciddi təşvişə düşdüklərini nümayiş etdirirlər.
Dünyada əsrlər boyu davam edən, insan hüquqlarının kobud şəkildə pozulmasına, köləliyə və istismara səbəb olan kolonialist siyasətinə qarşı beynəlxalq müqavimətin təşkili obyektiv reallıqlarla şərtlənir. Tarixi faktlar göstərir ki, Afrikadakı Qərb müstəmləkəçiliyinin əsası məhz Fransa tərəfindən qoyulub. Fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə İngiltərədən sonra dünyanın ikinci ən böyük müstəmləkə imperiyası olub. Bu məkrli siyasətini həyata keçirmək üçün Fransa Ruanda, Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Qəmər Adaları İttifaqı, Haiti, Yeni Kaledoniya və digər ölkələrdə dəhşətli soyqırımları həyata keçirib.
Xatırladaq ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində hələ 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Həmin tədbir zamanı müstəmləkəçiliyə qarşı Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması Fransa və digər ölkələrin bəşəriyyətə qarşı yönəlmiş cinayətlərinin ifşası baxımından əhəmiyyətli olub. BTQ fəaliyyəti dövründə Fransanın müstəmləkəçilik siyasətinin ifşası məqsədilə 10 yaxın hesabat hazırlayıb, çoxsaylı tədbirlər keçirib. Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş bu və digər tədbirlər Fransa dövlətinin müstəmləkəçilik siyasətinin fəsadlarına dair geniş fikir mübadiləsi aparmağa, birgə mübarizə strategiyası müəyyənləşdirməyə imkan verib. Məqsəd həm də Parisin kolonialist siyasətinin sülh və təhlükəsizlik, ekosistem üçün ciddi təhdid olduğunu konkret faktlar əsasında dünya ictimaiyyətinə göstərmək olub. Qurumun 2024-cü il hesabatında müstəmləkəçilər tərəfindən meşələrin qırılması, təbiətə dəyən ziyan və iqtisadi inkişafın ləngidilməsi məsələləri də əks olunub.
Azərbaycanın təşəbbüsü ilə reallaşan bu və digər tədbirlər bir çox fransız koloniyalarında azadlıq, müstəqillik hərəkatlarının genişlənməsinə səbəb olur və bunu konkret olaraq Yeni Kaledoniyanın timsalında aydın görmək olar. Rəsmi Parisin 2024-cü ildə burada milli hərəkatın qarşısını almaq üçün silahlı güc tətbiq etməsi 15-ə yaxın dinc insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.
Fransız müstəmləkəçiliyindən xilas olmaq, əsarət və köləliyə son qoymaq həmin xalqların haqqıdır və rəsmi Parisin azadlıq hərəkatlarını zor gücünə boğmaq cəhdləri artıq nəticə vermir. Təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci il yanvarın 23-24-də Yeni Kaledoniyada keçirilən ilk Konqresi də bu reallığı bir daha sübuta yetirib. Tədbirdə Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak ediblər.
Konqres müstəqillik hərəkatları və onların xalqları arasında həmrəyliyi təşviq etməyi öhdəsinə götürüb. Tədbir çərçivəsində Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması ilə bağlı qəbul edilən yekun bəyannamədə bildirilir ki, məqsəd planeti hər hansı müstəmləkə mövcudluğundan həmişəlik xilas etmək, bu ərazilərin suverenliyinə nail olmaq üçün qüvvələri birləşdirməkdir. Cəbhə Martinika, Qvadelupa, Fransa Qvianası və Korsikanın BMT-nin dekolonizasiya ediləcək ölkələr siyahısına daxil edilməsinə nail olmaq niyyətindədir. “Biz müvafiq ölkələrimizdə milli emansipasiya proseslərini sürətləndirmək üçün BMT-nin “müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq onilliklər” haqqında qətnamələrindən istifadə etmək niyyətindəyik”, – sənəddə qeyd olunur.
Tədbirdən sonra Fransa xarici işlər naziri Jan-Noel Barrot Bakı Təşəbbüs Qrupunu əsassız olaraq fransız dənizaşırı ərazilərin işlərinə qarışmaqda və milli siyasi həyatı pozmaqda ittiham edib. Fransa parlamentinin Avropa İttifaqındakı deputatı Fransua-Ksavye Bellami isə iddia edib ki, “Azərbaycan açıq şəkildə Fransanın ərazi bütövlüyünə qəsd edir, Paris və Avropa İttifaqı bunun qarşısını almalıdır”.
Şübhəsiz, bu qərəzli iddialar qarşı tərəfin ifşa olunmasından keçirdiyi aşkar təşvişin, narahatlığın ifadəsidir. Digər tərəfdən, özünü demokratiya carcısı kimi aparan rəsmi Paris anlamalıdır ki, fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi hansısa ölkənin daxili işi sayıla bilməz. Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır.
Digər tərəfdən, 30 ilə yaxın müddətdə Ermənistana və işğal zamanı tarixi ərazimiz olan Qarabağda yaradılan separatçı rejimə açıq dəstək verən, bu gün də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunmasına süni maneələr yaradan rəsmi Parisin Azərbaycanı “daxili işlərə müdaxilədə” günahlandırması son dərəcə gülünc və absurd təsir bağışlayır. Fransanın Rəsmi Parisin Azərbaycanı müəyyən bəhanələrlə günahlandırması, işğal faktını aradan qaldırması ilə hələ də barışa bilməməsi də, ilk növbədə, antitürk və islamafob meyillərin təzahürüdür.
Rəsmi Bakı hücum diplomatiyası yürüdərək Fransanın əsassız iddialarla çıxış etdiyini, etnik separatçılığı dəstəklədiyini, qlobal ekoloji problemlərin əsas səbəblərindən sayılan müstəmləkəçilik siyasəti yürütdüyünü, nəhayət, beynəlxalq hüquqa aşkar hörmətsizlik etdiyini konkret faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırır.
MTM Analitik Qrup