
Özünü demokratiya beşiklərindən biri elan edən Fransada bu gün insan hüquqlarının müdafiəsindən, söz azadlığından əsər-əlamət belə qalmayıb. Prezident Emmanuel Makronun dövründə Fransada totalitarizm, avtoritarizm və hətta faşizm meylləri sözün əsl mənasında çiçəklənməkdədir. Bunun daha bir təzahürü Milli Birlik Partiyasının və iki il sonra keçiriləcək prezident seçkilərinin favoriti olan Marin Le Pen barəsində məhkəmədə sifariş əsasında çıxarılması istisna edilməyən hökmdür.
Fransa məhkəməsi sağçı lider Marin Le Peni Avropa İttifaqının vəsaitinin israfında təqsirli bilib və onu 5 il müddətinə vəzifəyə namizədliyini irəli sürməkdən məhrum edib. Bu qərar 2027-ci il prezident seçkilərinin əsas favoriti olan Le Peni yarışdan kənarda qoya bilər. Özü də bunlar o kontekstdə baş verir ki, Emmanuel Makron üçüncü dəfə prezident olmaq niyyətinə düşüb. Lakin onun bərbad daxili və xarici siyasəti rəqiblərinin, o cümlədən də Marin Le Penin Makronu, yaxud onun dəstəkləyəcəyi namizədi seçkilərdə asanlıqla məğlub etməsinə imkan verir. Bu səbəbdən Makron indidən inzibati yolla əsas rəqiblərindən, ilk növbədə də Marin Le Pendən yaxasını qurtarmağa can atır.
O da xüsusi qeyd edilməlidir ki, hələ xeyli müddət əvvəl Fransa Milli Assambleyasının sabiq sədri Rişar Ferran ölkə Konstitusiyasına dəyişiklik etmək təklifini irəli sürüb. Bu təklif indiki prezidentə üçüncü dəfə mandat verilməsini nəzərdə tutur. Emmanuel Makrona yaxınlığı heç kimə sirr olmayan Rişar Ferran israr edir ki, Konstitusiyanın bəzi qaydalarına yenidən baxmaq zəruridir. Onun yanaşmasına əsasən, prezident mandatının müddətlə məhdudlaşdırılması, eyni vaxtda bir neçə vəzifəyə yiyələnməyə qadağa kimi qaydalar vətəndaşların sərbəst seçim azadlığını məhdudlaşdıraraq, ictimai həyatı sərt çərçivəyə salır. Rişar Ferran bunların dəyişdirilməsini tələb edir və bütün bunlar Emmanuel Makronun maraqlarına cavab verir.
Makronu həvəsləndirən daha bir məqam ABŞ Prezidenti Donald Trampın son açıqlamalarıdır. Donald Tramp bu günlərdə bildirib ki, o, üçüncü prezidentlik müddətinə yenidən seçilə biləcəyi məsələsində olduqca ciddidir. Bu kontekstdə Tramp üçüncü müddətə ABŞ prezidenti postunda qalmağın bir neçə yolunun olduğunu qeyd edib. O, hətta belə bir nümunəyə də diqqət çəkib ki, mümkün yollardan biri vitse-prezident Ceyms Devid Vensi ən yüksək hökumət postuna seçmək, bundan sonra isə onun səlahiyyətlərini hazırki prezidentə ötürməsi ola bilər: “Çoxları bunu etməyimi istəyir. Bununla belə, onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik”.
Bütün bunlar fonunda Makron da yarıtmaz siyasətinə və Fransa xalqı arasında nüfuzunu itirməsinə baxmayaraq, 2027-ci ildən sonra da prezident postunda qalmaq arzusundadır. Elə bundan irəli gələrək, əsas rəqibini indidən neytrallaşdırmaq istiqamətində müvafiq addımlar atır. Xatırlatmaq lazım gəlir ki, Avropa Parlamentinə keçirilən son seçkilər də Milli Birlik Partiyasının və onun liderinin daha yüksək reytinqə malik olduğunu göstərdi. Həmin vaxt əvvəldən də proqnozlaşdırıldığı kimi ifrat sağçıların Avropa Parlamentində daha çox təmsilçilik hüququ əldə etməsi ilə nəticələndi. Bu hal özünü Avropanın siyasi lideri kimi görməyə can atan Fransada da müşahidə edildi və Prezident Emmanuel Makronun hakimiyyətinin daxili, xarici siyasətinə fransızlar tərəfindən hansı qiymət verildiyini göstərdi. Avropa Parlamentinə seçkilərdə Marin Le Penin lideri olduğu Milli Birik Partiyası 31,5, Makronun lideri olduğu İntibah Partiyası 15,2, Sosialsitlər Partiyası isə 14 faiz səs qazandı. Bundan sonra da Fransa parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Milli Birlik Partiyası yenə yüksək nəticələr göstərdi və bu da Makron iqtidarının narahatlığını daha da artırdı. Elə bundan irəli gələrək, Marin Le Penin inzibati yolla neytrallşdırılması həyata keçirilir.
Fransa məhkəməsi bu xanım siyasətçini 4 il həbs cəzasına məhkum edib. Onun 2 ilini ev dustaqlığında keçirməsi, qalan 2 ilinin isə şərti cəza kimi təxirə salınması qərara alınıb. Bundan başqa Le Pen 100 min avro cərimə ödəməli olacaq. Onunla birlikdə təqsirləndirilən şəxslər Avropa İttifaqından alınan vəsaitləri şəxsi məqsədləri üçün mənimsəməkdə deyil, 2004–2016-cı illərdə partiya üçün çalışan işçilərin maaşlarını ödəmək məqsədilə qanunsuz istifadə etməkdə ittiham olunurlar. Lakin 56 yaşlı Marin Le Pen və digər müttəhimlər ittihamları rədd edirlər. Məhkəmə prosesində Marin Le Pen prokurorların onun siyasi ölümünü hədəflədiyini vurğulayaraq, hökm elan olunmazdan əvvəl zalı tərk edib. Bundan sonra o, Milli Birik Partiyasının rəhbəri Cordan Bardella ilə görüşüb. Hesab edilir ki, Milli Birik Partiyası “B” planı məhz Cordan Bardella ilə əlaqələndirilə, sözügedən şəxs Beşinci Respublikada ən yüksək dövlət vəzifəsinə namizəd kimi irəli sürülə bilər. Əgər qalib gəlsə, o, öz səlahiyyətlərini Le Penə həvalə edə, yaxud da onu baş nazir postuna yüksəltməyə çalışa bilər.
Məhkəmə sisteminin Fransada artıq siyasiləşmə ittihamlarına məruz qalması baş verənlər fonunda özünü tədricən büruzə verməyə başlayıb. Le Pen özü bildirir ki, fransızlar sadəcə olaraq, alternativ seçmək imkanından məhrum edilir. Cordan Bardella isə bildirir ki, hakimlər Fransa demokratiyasını məhv ediblər. Bütün bunlardan ən çox dividend əldə edən şəxs isə indiki prezidentdir. Qeyd edilməlidir ki, Makron və onun hökuməti seçicilərin etimadını itiriblər. Makron 2022-ci ildə inamlı qələbəsinə baxmayaraq, indi nüfuzunu xeyli itirib. Fransızlar pensiya islahatlarından, immiqrasiya siyasətindən, iqtisadi çətinliklərdən və ölkənin beynəlxalq nüfuzunun aşağı düşməsindən narazıdırlar. Bu şəraitdə Le Penin Makronla müqayisədə artan nüfuzu Fransa Prezidentini ciddi şəkildə narahat edir. Məhz bundan irəli gələrək, Makron demokratiyanın, insan hüquqlarının boğulması hesabına belə əsas rəqibini inzibati yolla sıradan çıxarır. O da maraqlıdır ki, Le Pen siyasi rəqiblərindən də dəstək alıb. Məsələn, onlardan biri olan Erik Zemmur qeyd edir ki, seçicilərin kimə səs verməli olduğuna məhkəmələr qərar verməməlidir: “Bizim fikir ayrılıqlarımız nə olursa olsun, Marin Le Pen öz namizədliyini irəli sürmək hüququna malikdir”. Milli Birik Partiyasının barışmaz əleyhdarları – ifrat solçu “Fəth edilməmiş Fransa”nın nümayəndələri də məhkəmənin hökmünə böyük şübhə ilə yanaşırlar.
Bununla yanaşı, Milli Birik Partiyası baş verənlər fonunda genişmiqyaslı etiraz aksiyaları keçirməyə hazırlaşır. Cordan Bardella bununla bağlı bildirib: “Hesab edirəm ki, fransızlar qəzəblənməlidirlər, biz nümayişlər təşkil edəcəyik. Le Penin işi üzrə qərar çıxaran hakimlərə qarşı hər hansı təhdid və təhqir isə qəbuledilməzdir”. O da maraqlıdır ki, baş verənlərlə bağlı Avropa yenə ikili standartlar sərgiləyir. Məsələn, Türkiyədə İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə ən müxtəlif formada reaksiya verən Avropa ölkələri Marin Le Penlə bağlı baş verənləri sadəcə, görməzlikdən gəlirlər. Eyni zamanda hazırda görünən həm də odur ki, təkcə Fransada yox, getdikcə daha çox Avropa ölkələri demokratik normaları tapdalamaq yolu ilə gedir.
MTM Analitik Qrup