FRANSA-AZƏRBAYCAN DİALOQU ASSOSİASİYASI BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT EDİB

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı növbəti dəfə dərin narahatlığını bəyan edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Assosiasiya adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət aldığı xəbərinə diqqət cəlb edilib.

Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qalır. Bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə maneələr yaratdığı bir daha ifadə edilib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi vurğulanıb.