“France Inter” radiosunun “85-ci epizod” proqramında “Dağlıq Qarabağ: parçalanmış həyatlar, itirilmiş zaman” adlı veriliş yayımlanıb.
Verilişdə Ağdamdan məcburi köçkün Elşən 1993-cü ildə 6 yaşında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən rayonun Boyəhmədli kəndindən didərgin salınmalarından danışıb. O, kəndləri və evləri haqqında xatirələrinin valideynlərinin, baba və nənəsinin danışıqlarından ibarət olduğunu qeyd edib. Elşən evlərini tərk etmələrindən, kiçik bacısının ölümündən, həmin qorxulu gündə müvəqqəti məktəb binasında sığınacaq tapmalarından, sonra Mingəçevirdəki köçkün düşərgəsində məskunlaşmalarından söz açıb. Atasına “Niyə Mingəçevirdə ev tikmirik” sualı verən Elşən bir cavab alırmış: “Tezliklə Qarabağa, evimizə qayıdacağıq”.
Bildirilir ki, Azərbaycan Ordusunun qələbəsindən sonra indi Elşən tezliklə doğma evlərinə qayıtmağı gözləyir.
Qeyd edilib ki, Strasburq Siyasi Elmlər İnstitutunda təhsil alan Elşən Lyonda elmi tədqiqatlarını davam etdirib. Sonra doğma Vətəninə qayıdıb və hazırda Bakıda ailəsi ilə birlikdə yaşayır.