“FÖVQƏLADƏ VƏZİYYƏT HAQQINDA” QANUNDA DƏYİŞİKLİK TƏSDİQLƏNİB

“Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” Qanuna sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edən yeni fəslin əlavə edilməsi nəzərdə tutulub. Layihədə sosial xarakterli fövqəladə mühitin, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin anlayışları verilib. Müəyyən olunur ki, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir. Sosial xarakterli fövqəladə mühit rejimi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə, fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları tərəfindən təxirə salınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir. Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Bu tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaxud qərargah yaradılır.

Layihə qüvvəyə mindikdən sonra üç qaydanın təsdiq edilməsi nəzərdə tutulur: 1. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın, yaxud qərargahın fəaliyyət qaydası, 2. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası, 3. Dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası.

Qanun layihəsi preventiv xarakter daşıyır, yəni, fövqəladə vəziyyətin tətbiqinə qədər olan vəziyyətlə bağlıdır.