
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 13-də “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın təsdiq olunması haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetinin həmin Qərara dair izahını təqdim edirik.
Qəbul olunan qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışının təmin edilməsi sahəsində dövlət orqanları və qurumları tərəfindən həyata keçirilən tədbirləri müəyyənləşdirir.
Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışı üzrə aidiyyəti qurumlararası əlaqələndirməni Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya həyata keçirir.
Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan 24 saat ərzində aidiyyəti dövlət orqanlarının və qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar yaratmalı və onların fəaliyyətini təşkil etməlidir.
Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışının təmini üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
