
Təxminən bir il bundan əvvəl Formula 1 ilə Londonun “Tottenhem” futbol klubu arasında uzunmüddətli əməkdaşlıq haqqında saziş bağlanıb. Tərəfdaşlıq çərçivəsində “Tottenham Spur” stadionunun ərazisində Formula 1-in rəsmi kartinqinin təşkili və burada kartinq məktəbinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
“f1.news.ru” saytı xəbər verir ki, çempionatın mətbuat xidməti F1 Drive kartinqinin açılışının fevralın 6-na planlaşdırıldığı barədə məlumat yayıb. Artıq bu həftə bilet satışına başlanacağı bildirilib. Lakin imtiyazlı klub kartlarına sahib olan “Tottenhem”in azarkeşləri biletləri bir gün əvvəl əldə edə bilərlər.
F1 Drive kartinqi stadionun cənub tribunasının altında yerləşir, onun trası üç müxtəlif konfiqurasiyaya malikdir ki, burada Formula 1-in ən məşhur traslarının xüsusiyyətləri nəzərə alınıb. Konfiqurasiyalar mürəkkəbliyinə görə fərqlənir və müxtəlif hazırlıq səviyyəli yürüşçülərə hesablanıb.
Kartinq həvəskarlarının idarə edəcəyi maşınlar bir sıra unikal xassələrə malikdir, xüsusən onların təchiz edildiyi displeylərdə təkcə xronometraj barədə deyil, həm də yürüşdəki mövqe, rəqiblər arasında intervallar, trasda təhlükəsizlik və marşal bayraqları haqqında məlumatlar yer alır.
Hər maşının sükanında DRS (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) düyməsi var, bunun maşının aerodinamikasına aidiyyəti olmasa da, yüksək güc rejimini aktivləşdirmək imkanı verir.
Qeyd etmək yerinə düşər ki, F1 Drive nəzdindəki kartinq məktəbi avtomobil idmanında karyera qurmağı arzulayan gənclərə peşə seçimində düzgün istiqamət müəyyən etməyə və yürüş sənayesində iş tapmağa kömək etməyi planlaşdırır.