FORMULA 1-DƏ ÇIXIŞ EDƏN DAHA İKİ KOMANDA YENİ MÖVSÜM ÜÇÜN BOLİDLƏRİNİ İCTİMAİYYƏTƏ TƏQDİM EDİB

Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib.

“Alfa Romeo” komandası Barselonadakı test yarışlarınadək bolidini trasa çıxarmaq istəməsə də, İsveçrə təmsilçisi Formula 1 həvəskarlarını yarış maşınının şəkilləri ilə tanış edib. “C42” bolidinin sükanı arxasına isə komandanın “Mersedes”dən transfer etdiyi Valtteri Bottas əyləşib.

“Uilyams” komandası da eyni tərzdə yeni yarış avtomobilini ictimaiyyət önünə çıxarıb. “FW44” adını daşıyacaq yeni bolidi isə Barselonadakı test yarışlarında canlı izləmək olacaq. Yeni yarış maşınının görüntüsündə bəzi dəyişikliklər edilib. Bundan sonra “Uilyams” bolidlərində 1994-cü ildə faciəvi şəkildə həlak olan komandanın sabiq pilotu Ayrton Sennanın xatirəsinə həsr olunan loqotip əks olunmayacaq. Amma komanda yeni sponsoru olan “Duracell” firmasının adını yarış avtomobilinə həkk etdirib.