FOND SƏDRİ: ERMƏNİSTANIN BMT-NİN TRANSSƏRHƏD SU AXARLARI ÜZRƏ KONVENSİYASINI RATİFİKASİYA ETMƏSİ VACİBDİR

Ermənistanın BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik var ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökuməti Ermənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın 9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasını razılaşdırılması vacib olan ilk məsələlər sırasında təkid edəcək.

Bu sözləri Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.

O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqda ekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktiv əməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələri vacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırıla bilər.