FİLİPPİNDƏ “MEQİ” TROPİK QASIRĞASI NƏTİCƏSİNDƏ HƏYATINI İTİRƏNLƏRİN SAYI 167-YƏ ÇATIB

Filippində baş vermiş “Meqi” tropik qasırğası təqribən 2 milyona yaxın insana zərər vurub.
Filippinin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Şurasının aprelin 16-da yaydığı məlumata görə, qasırğa nəticəsində 167 nəfər həyatını itirib.
Bildirilir ki, tropik qasırğa ölkənin doqquz regionunu əhatə edib. Təqribən 348 min nəfər təxliyə mərkəzlərinə yerləşdirilib. Səkkiz nəfər müxtəlif xəsarətlər alıb, 110 nəfər isə itkin sayılır.
Bununla yanaşı, qasırğanın 10 mindən çox evə ziyan vurduğu qeyd edilir. Həmçinin 560 daşqının və 89 torpaq sürüşməsinin qeydə alındığı bildirilir. Ölkənin kənd təsərrüfatı, infrastruktur ciddi zərər görüb. Təbii fəlakət nəticəsində 240 yola və 9 körpüyə ziyan dəyib. Ümumilikdə 76 şəhərdə elektrik enerjisinin, 3 şəhərdə isə suyun verilişində fasilələr yaranıb.
Filippinin səkkiz regionunda təhsil müəssisələrində dərslər, 139 müəssisədə iş dayandırılıb. Ümumilikdə 41 liman işini dayandırsa da, onlardan 6-sı fəaliyyətini artıq bərpa edib.
Hazırda ölkənin 16 şəhərində və bələdiyyəsində fövqəladə vəziyyət davam edir. Həmin ərazilərə yardım üçün hökumət 48,5 milyon peso (930 min dollar) vəsait ayırıb.