M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə reallaşan tədbirdə hökumət və dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, habelə ictimaiyyətin tanınmış üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçilik siyasətindəki misilsiz xidmətlərindən bəhs edib.
Bildirib ki, Ulu Öndərin müdrikliyi, qətiyyətli iradəsi və yüksək təşkilatçılığı sayəsində iqtisadi böhran həddinə gəlib çatmış respublika ən qısa zaman kəsiyində sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdırıldı.
Təşkilat sədri söyləyib: “Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi hər bir azərbaycanlının və YAP-ın hər bir mənsubunun qəlbində dərin kök salıb. Heydər Əliyev bütün şüurlu həyatını Azərbaycan dövlətinin və xalqının inkişafına həsr edib. O, çalışdığı bütün vəzifələrdə xalqa və dövlətə ləyaqətlə xidmət edib. İstər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illəri dövründə onun Azərbaycan üçün xidmətləri danılmazdır. Bu gün Azərbaycanda neft sənayesinin inkişafı və ölkəmizin hərbi qüdrətinin artması Ulu Öndərin adı ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, o böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı ağır bəlalardan xilas etmək üçün bir çox əziyyətlərə qatlaşmalı oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə əldə etdi. Torpaqları düşmən tapdağından azad etdi. Buna görə də Azərbaycan xalqı və dünya azərbaycanlıları sevinc, fərəh içindədirlər”.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək söyləyib ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi
“Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin ən nadir parlaq simalarından olan şəxsiyyət idi. O böyük şəxsiyyətin vəfatından 18 il ötsə də, Heydər Əliyev əzəməti və dühası parlaqdır, əbədiyaşardır. Bu gün Azərbaycanın harasına baxsaq Heydər Əliyevin izini, özünü görürük. Ulu Öndər özünün bütün şüurlu həyatını xalqın tərəqqisinə sərf etmişdir. Bu gün təsadüfi deyil ki, Azərbaycan bölgənin ən qüdrətli dövlətinə çevrilib. Bu da Ulu Öndərin ən böyük arzularından idi. Bugünkü Zəfərimizin ən ümdə qalibi Heydər Əliyev siyasətinin strategiyasıdır. O, özündən sonra Azərbaycan xalqını bu cür qələbələrə daşıyan Prezident İlham Əliyev kimi bir lider yetişdirdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı çox uğurlu gələcəyə aparır. Əminik ki, bu gələcək Azərbaycan xalqının arzu və istəklərini özündə ehtiva edən bir gələcək olacaq”.
Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri, Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı və Qara Qarayevin “İldırımlı yollarla” baletindən final səsləndirilib.