Fövqəladə Hallar Nazirliyi (FHN) proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-sı gün ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü külək əsəcəyi ilə bağlı proqnozu əhalinin diqqətinə çatdırılıb.
Bununla əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət olunmasını tövsiyə edir: “Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.