FHN-İN DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ YANĞIN-TAKTİKİ TƏLİM KEÇİRİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisində yanğın-taktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və belə obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin hadisələr zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinə məxsus bölmələrin, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin və Nizami Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvə və vasitələri cəlb olunub.

Təlim zamanı zavod ərazisində baş vermiş şərti hadisə yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.