FHN HAVA ŞƏRAİTİ İLƏ BAĞLI ƏHALİYƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Bununla bağlı FHN əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.