FEVRALIN 17-DƏ ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ HAVA DUMANLI VƏ YAĞINTILI OLACAQ

Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın dumanlı və yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 770 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.